Qənirə Paşayeva: "Şəhidlərimiz elə müqəddəs zirvəyə ucalıblar ki...."
"Bu il artıq 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edirik. 23 ildir ki, vətəni uğrunda canından keçən şəhidlərimizi rəhmətlə anırıq. Nə qədər ki Azərbaycan və xalqımız var, o zamana qədər də şəhidlərimiz hər an yad ediləcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini nümayiş etdirərək qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı: "Vətənimizin müstəqilliyi yolunda canını qurban vermiş şəhidlərimizi hər zaman sayqıyla xatırlayacağıq. Onlar dövlətimizin tarixində əbədiyyən yaşayacaqlar. Bu da bizim gənclərimiz üçün örnək olmalıdır".
Q. Paşayeva onu da qeyd edib ki, şəhidlər heç vaxt unudulmur: "İllər keçsə də onlar sanki bizim aramızdadırlar. Dünyada ölən insanları 3 və ya 5 il xatırlayırlar. Ancaq şəhidlərimiz elə müqəddəs zirvəyə ucalıblar ki, onlar təkcə 22-23 il yox, uzun illər xalqımızın qəlbində taxt quraraq anılacaq".
Gənc nəsillərin də qəhrəmanlarımızdan ibrət götürməli olduğunu deyən millət vəkili: "Gənclərimiz vətənimizin müstəqilliyi üçün əllərindən gələni əsirgəməməlidir. Həmin zaman baş vermiş həqiqətləri dünya ictimaiyyətini dəqiq məlumatlandırmalıdırlar. Tək 20 Yanvar faciəsi deyil, eləcə də Xocalı soyqırımı, Qarabağ məsələsi bura aiddir. Xarici ölkələrdə yaşayan tələbələrimiz xalqımızın oradakı səfiri olmalıdır. Bununla yanaşı, sosial şəbəkələrdə də aktiv olmaq lazımdır. Bunun vasitəsi ilə gerçəklikləri beynəlxalq aləmə yaymaq daha asan olar",- deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB