"Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib". Bu sözləri prezident İlham Əliyev deyib.
Dövlət başçısı dünən keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərək bildirib ki, bu, çox ciddi hadisə, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürü, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidi. Bunun Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsi olduğunu deyən İlham Əliyev bunun böyük məsuliyyət, böyük şərəf və böyük etimad olduğunu vurğulayıb: "Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik".
Yaxın günlərdə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərarın veriləcəyini bildirən dövlət başçısı qeyd edib ki, işlər dərhal başlanmalıdı: "Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidi. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm – bütün sahələr cəlb edilməlidi. Biz bir daha dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdi. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidi. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB