20 yanvar şəhidləri yad edildi

Bu gün "Azərbaycanda fəaliyyət göstərən Qarabağ qeyri-hökumət təşkilatları koalisiyası" "20 yanvar" faciəsi ilə bağlı dəyirmi masa təşkil edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Qarabağ Qeyri Hökumət Təşkilatları Koalisiyasının koordinatoru Vüqar Qədirov, Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı Əkbər Qoşalı və digər ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıların şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etməsi ilə başladı.

Dəyirmi masada çıxış edən Qarabağ QHT Koalisiyasının koordinatoru Vüqar Qədirov 20 yanvar hadisələrinin baş vermə səbəblərindən danışdı. Bildirdi ki, Sovet İmperiyası 20 yanvarda Bakı şəhərində törətdiyi qətliyamla xalqımızın azadlıq və müstəqillik əzmini qırmağa çalışsa da, əliyalın vətən övladları bu istəyin heç zaman gerçəkləşməyəcəyini öz canları, qanları hesabına sübut ediblər. 20 yanvar qırğınına, Dağlıq Qarabağda baş verən hadisələrə bu günə kimi beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilmədiyinin təəssüf doğurduğunu, buna baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini və öz haqlarını qorumaq gücündə olduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər millət vəkili Xanhüseyn Kazımlı bildirdi ki, 20 yanvar faciəsi Rusiya tərəfindən, başda Mixail Qarbaçov olmaqla Azərbaycana qarşı olan ermənilərin hiyləgər siyasətinin ilk və ciddi şəkildə dəstəklənməsidir. 1990-cı ilin 20 yanvarında xalqımızın başına gətirilən faciənin milli azadlığımıza və məfkurəmizə qarşı təcavüz olduğunu bildirdi. Qeyd etdi ki, faciə miqyasından asılı olmayaraq, Azərbaycan xalqının başına gətirilən ən böyük bəlalardan biridir. O bildirdi ki, o vaxt sovet hakimiyyətində rəhbərlikdə olan şəxslərin bir qrupu xalqımızın milli mübarizə əzmini qırmaq üçün məhz bu vasitədən istifadə etmişdir.

Tədbir iştirakçılkarı sonda qeyd etdilər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsini xalq heç vaxt unutmayacaq. Günahkarlar öz cəzalarını alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə