"Yeni Azərbaycan" qəzetinin redaksiyasında 20 Yanvar anılıb

"Yeni Azərbaycan" qəzetinin redaksiyasında 20 Yanvar anılıb

Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında 20 Yanvar hadisələrinin 23-cü ildönümü münasibəti ilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən millət vəkilləri Jalə Əliyeva, Məlahət İbrahimqızı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli və Milli QHT Forumunun prezidenti Rauf Zeyni hadisə ilə bağlı fikir mübadiləsi aparıblar.

Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev çıxışında bildirib ki, 20 Yanvar hadisəsi sadəcə olacaq xalqı sındırmağa yönəlmişdi: "Xalq hərəkatı başında duranlar belə siyasi təcrübəsi olmayanlar idi. "Moskvadan gəlmiş Mərkəzi Komitənin Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin Şura sədri Yevgeni Primakov, Mərkəzi Komitənin katibi Arley Yerenko və SSRİ Nazirlər Şurasının sədri Vitali Cobışev artıq bazar günü Azərbaycan Kommunist Partiyası rəhbərliyi ilə görüşmüşdü. Birinci gün yanvarın 15-də isə narahatlıqların başında durduğu iddia edilən Xalq Cəbhəsinin rəhbərliyi Mərkəzi Komitəyə dəvət edildi. Müzakirələr zamanı Moskvadan gələn məmurlar Bakıda fövqəladə vəziyyətin elan olunmayacağı və Bakıya ordu yeridilməyəcəyi barədə zəmanət verdi. Amma 4 gün sonra Bakıda fövqəladə vəziyyət elan olundu. Bakıya rus qoşunları yeridildi. Moskva, azərbaycanlıları növbəti dəfə aldatdı. Bütün bunlara baxmayaraq, gec də olsa bu işdə əli olanlar layiqli cavablarını aldı".

Siyasi elmlər doktoru Elman Nəsirli isə vurğulayıb ki, yanvarın 21-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib burada təşkil olunan etiraz yığıncağında iştirak etdi və 20 Yanvar faciəsinə ilk olaraq siyasi qiymət verdi. Mərkəzin və Respublika rəhbərliyinin hüquqa, demokratiyaya və humanizmə zidd olan əməllərini ifşa etdi. O, bu hadisələrə fikrini belə ifadə etmişdi: "Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi".

Millət vəkili Jalə Əliyeva çıxışında qeyd edib kİ, 20 Yanvar faciəsi Azərbaycan tarixinə qan yaddaşı kimi yazılmış dəhşətli səhifədir: "Çox öncədən başlanan münaqişələr 1990-cı ilin əvvəllərində daha da qızışmağa başladı. Yanvarın 13-də Bakıda ermənilərin təxribatı nəticəsində guya Ermənistandan qaçqın düşən azərbaycanlıların erməniləri talan etmələri və qətlə yetirmələri barədə xəbərlər yayıldı. Yanvarın 19-dan 20-nə keçən gecə qırğın törədib xalqın gözünü qorxutmaq üçün əvvəlcədən elan etmədən saat 21-dən Sovet qoşun hissələri paytaxta yeridildi. Bakıda minlərlə adam hərbi hissələrin şəhərə girməsinə yol verməmək üçün küçələrə çıxmışdı.

Azərbaycan tarixinə qanlı yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçdiyini bir daha xatırladan millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, 20 Yanvar təqvimə qara yazılsa da, bizim qürur mənbəyimizdir: "Həmin gün şəhid olanlar üçün üzülürük, ancaq həm də qürur duyuruq ki, vətəni uğrunda canını verməyi gözə alan şəhidlərimiz var. Bu gün güclü ordumuz, möhkəmlənmiş iqtisadiyyatımız, əvvəlki dövrlərdən fərqli olaraq xeyli inkişaf etmiş dövlətimiz tərəfindən belə faciələrin təkrarlanmaması üçün zəruri addımlar atılır. Şəhidlərimizin xatirəsi daim ehtiramla anılır. Çünki şəhidlik adını almaq ölməzlik zirvəsinə ucalmaqdır. Bu adı qazananlar isə xalqın yaddaşından silinmir və nəinki yalnız il dönümlərində, həmişə yad olunur. Çünki biz öz müstəqilliyimizi qanımızla qazanmışıq".

"Həmin dövrdə nə ziyalılar, nə də cəmiyyət bu hadisələrə hazır deyildi. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi üçün təhdid idi. "Bakı əməliyyatı"na SSRİ Müdafiə Naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakıya və başqa məntəqələrə Sovet Ordusunun hücumu vaxtı 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini nümayiş etdirərək qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı. Biz də çalışmalıyıq ki, bu gerçəkliyi dünya ictimaiyyətini olduğu kimi düzgün çatdıra bilək. Hələ də bu məsələyə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsini təmin edə bilməmişik",- deyə Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxışında bildirib.

Qeyd edək ki, dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə