Əli Həsənov: “Yoxsulluq həddi 15 faiz enib”

Əli Həsənov: “Yoxsulluq həddi 15 faiz enib”

Son 20 ildə soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunub. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. SİA-nın məlumatına görə, bu haqda Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Komitə sədrinin sözlərinə görə, 2012-ci ildə bu məqsədlə ayrılan 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir. Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur: "İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınıb, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılıb. Bu işlərin 77 faizi Sizin 9 illik prezidentlik fəaliyyətiniz dövründə icra olunub".

Ə.Həsənov deyib ki, hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir: "Yoxsulluq həddi 15 faizə enib, doqquz min nəfər işlə təmin olunub, məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti hər il artırılaraq 16 manat 50 qəpiyə çatdırılıb. Bu, 2003-cü ilə nisbətən 3,5 dəfə çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə