Azərbaycandan Əfqanıstana maliyyə dəstəyi

Azərbaycandan Əfqanıstana maliyyə dəstəyi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyi Əfqanıstanın inkişafı üçün BMT-nin inkişaf Proqramı çərçivəsində 150.000 ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. BMT-nin Bakı Ofisindən SİA-ya verilən məlumata görə, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Keçid dövrünün bir çox problemlərinin öhdəsindən məharətlə gəlmiş Azərbaycan müasir idarəçilik və dövlət quruculuğu sahələrində əldə etdiyi uğurlarla dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Eyni zamanda, ölkə daxilində aparılan uğurlu islahatlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin dünyada sülhün və əminamanlığın bərqərar edilməsi və qorunması səylərini də fəal dəstəkləyir. Qeyd edək ki, iqtisadi inkişaf və vətəndaşlara dövlət tərəfindən daha mütəşəkkil xidmətlərin göstərilməsi bu səylərin tərkib hissəsidir.

Bu baxımdan Əfqanıstanın gələcəyi həm regional, həm də qlobal təhlükəsizlik və sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan aparıcı beynəlxalq tərəf mövqeləri ilə bərabər Əfqanıstanın qarşısında duran problemlərin həll edilməsində qardaş əfqan xalqını fəal dəstəkləyir. Azərbaycanın Əfqanıstanın problemlerinə həsr olunmuş bir neçə mötəbər toplantılarda verdiyi bəyanatlara və xüsusilə də Azərbaycanın Prezidenti cənab İlham Əliyevin 2012-cii ilin mayında Çikaqoda keçirilmiş və dünyanın aparıcı ölkələrinin liderlərinin iştirak etdiyi Əfqanıstan üzrə NATO zirvə toplantısında verdiyi bəyanatına uyğun ölkəmiz öz təcrübəsilə bölüşmək üçün hazır olduğunu bildirib və bunu bir çox sahələrdə artıq əməli işlərlə sübut etməkdədir. Belə ki, son illər ərzində əfqan rəsmiləri Azərbaycan Diplomatik Akademiyanın, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Neft Fondunun, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Komissiyanın, Dövlət Neft və Qaz Şirkətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun işində tətbiq edilən qabaqcıl inkişaf təcrübəsi ilə yaxından tanış olub, bu istiqamətdə məhsuldar müzakirələr aparıblar.

Qeyd edək ki, həmin müzakirələr nəticəsində əldə edilən ilkin razılaşmaların həyata keçirilməsi üçün bir çox istiqamətlərdə, hazırda həm Bakıda, həm də Kabulda fəal işlər həyata keçirilməkdədir.

Beləliklə, yuxarıda göstərilən maliyyə yardımı öncə aparılan işlərin məntiqi davamı olmaqla Azərbaycanın beynəlxalq səviyyədə fəal mövqe tutaraq qlobal əhəmiyyət kəsb edən proseslərdə sadəcə olaraq təcrübə mübadiləsi ilə kifayətlənməyərək mötəbər donor ölkələri sırasına daxil olmaqdadır. Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyinin BMT-nin İnkişaf Programı ilə birgə həyata keçirdiyi bu təşəbbüs həm qardaş əfqan xalqı, həm də Əfqanıstanın inkişafına dəstək verən digər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan hökuməti tərəfindən ayrılan bu məbləğin Əfqan hökumətinin elektron idarəçilik üsullarının pilot olaraq tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır ki, bu sahədə bir neçə layihə BMT-nin İnkişaf Proqramının fəal iştirakı ilə həyata keçirilib. Əfqan rəsmiləri Azərbaycanın bu sektorda təcrübəsinə xüsusi maraqlarını Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları naziri Amirzai Sanginin keçən ildə Bakıya səfəri və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Azərbaycanın Rabitə və İnformasiya naziri Əli Abbasov ilə görüşləri zamanı vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə