Qrızlılar artıq kəndi tərk etməyəcəklər

Qrızlılar artıq kəndi tərk etməyəcəklər

Quba rayonunun mərkəzindən məsafəcə çox da uzaq olmayan Qrız kəndinə gedib-gəlmək çətin məsələdir. Kənd sakinləri buranın havasına, şəraitinə öyrəşdiklərindən aşağıya - Qubaya bir də martın axırı, aprelin əvvəllərində düşürlər. Vaxtilə yüzlərlə evin olduğu, 7 mindən çox insan yaşadığı Qrız kəndində indi əhalinin sayı xeyli azalıb, çoxu aşağıya düşüb, doğma kəndlərini tərk ediblər. İndi kənddə 40 ev qala, ya qalmaya, 20 adam yaşaya, ya yaşamaya. Son vaxtlar isə vəziyyət xeyli dəyişib. Qrız kəndindən Qubaya gedən yolun üstündə yeni körpünün inşa edilməsi kənd sakinlərinin rayon mərkəzi ilə gediş gəlişini asanlaşdırıb, yolu xeyli qısaldıb. Körpünün tikilməsi sakinləri əməlli-başlı sevindirib.

Qrız kəndinin sakinləri əvvəllər yol olmadığı üçün kəndin yuxarı hissəsindən 96 dolayı adlanan yerdən istifadə edirmişlər. Bu vaxta kimi nəqliyyat sarıdan çox zülümlər çəkiblər. Uca dağın başında olan Qrız kəndinin sakinləri qış aylarında əməlli-başlı çətinliklərlə üzləşirmişlər. 6-7 ay çəkən qış mövsümü ərzində qrızlılar rayona gələ bilmirmişlər.

Dövlət qurumları tərəfindən kəndə yol çəkilməsi sakinlərə əsl bayram sevinc bəxş ediblər. 37 metr hündürlüyündə və iki dağın arasını birləşdirən körpü sakinlərin rayon mərkəzinə və digər kəndlərə getməsini asanlaşdırıb.

Kəndin tarix müəllimi deyir ki, əvvəllər kənddə evlərin sayı çox olub. Nəqliyyat çətinliyi ucbatından hamı rayona və rayonətrafı kəndlərə köçüblər. Ancaq yeni salınan körpü kənd sakinləri üçün əməlli-başlı sevinc bəxş edib.

Böyük Qafqaz sıra dağlarında yerləşən kənd sakinləri əsasən heyvandarlığla məşğuldurlar. Yaz və yay aylarında kənd sakinləri heyvandarlıq üçün ot tədarükünü ilə məşğuldurlar.

Qrız kəndi Qubanın dəniz səviyyəsindən ən hündürdə yerləşən kəndidir. Hətta Xınalıqdanda çox yüksəkdədir. Kəndin qədim tarixi var.

Kənd sakinləri yeni salınan körpüdən çox razıdırlar. İndi kəndin qədim tarixini qoruyanlar olacaq. Artıq kəndin cavanları da kəndi tərk etməyəcəklər.

Quba-Xınalıq yolu istiqamətindən çəkilən yeni yolun uzunluğu 4 km-dir. Bu da əvvəlki yolla müqayisədə rayon mərkəiz ilə olan məsafənin 45 km azalmasına səbəb olub. Qudyalçayı üzərində 37 metr hündürlüyündə, 20 metr uzunluğunda körpünün açılışı olub. Sərt qayalıq ərazidən keçən yolun hərəkət üçün əlverişli olması məqsədilə 1 km ərazidə dağ partladılıb. Qrız kəndinin sakinləri uzun illər boyu davam edən yol çətinliklərinə əlvida deyiblər.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə