Millət vəkili İRƏLİ "Diplomatik Protokol 2” layihəsinin qonağı olub

Millət vəkili İRƏLİ "Diplomatik Protokol 2” layihəsinin qonağı olub

Gənclərə diplomatik protokol qaydalarının, etik davranış normalarının, beynəlxalq qurumlarda təmsilçilik qaydalarının düzgün aşılanması üçün həyata keçirilən "Diplomatik Protokol 2" layihəsi çərçivəsində "Beynəlxalq diplomatiya və beynəlxalq qurumlarda təmsilçilik normaları" mövzusunda keçirilən görüşün rəsmi qonağı millət vəkili Qənirə Paşayeva olub. Qurumdan SİA-ya verilən məlumata görə, qonağı ilk öncə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev salamlayaraq, millət vəkilinə layihədə ekspert qismində gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkür edib.

Daima beynəlxalq qurumlarda, beynəlxalq layihələrdə aktiv iştirakı ilə seçilən millət vəkili öz növbəsində dəvətə görə təşəkkürünü bildirib.
Qənirə Paşayeva qeyd edib ki, hər bir azərbaycanlı xaricə çıxdığı zaman Azərbaycanın bir elçisi, bir səfirinə çevrilir. Bu səbəbdən istər beynəlxalq qurumlarda, istər layihələrdə iştirak zamanı diplomatik qaydaları düzgün bilmək və onlara əməl etmək vacib şərtdir.

Beynəlxalq qurumlarda iştirak zamanı Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin düzgün təbliğ olunması yollarına toxunan millət vəkili qeyd edib ki, tədbirlər zamanı Ermənistan tərəfinin provokativ addımlarına uymaq olmaz: "Hər zaman təmkin və etik davranış normalarını gözləməklə qarşı tərəfi tarixi faktlara söykənərək cavablandırmaq lazımdır. Bunun üçün isə gənclər daima mütaliə etməli, Azərbaycan tarixini, diplomatik etik davranış qaydalarını gözəl bilməlidir".

Beynəlxalq qurumlardakı digər fəaliyyət istiqamətlərindən, protokol qaydalarından danışan millət vəkili daha sonra layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sonda qonaq gələcəyin diplomatlarına uğurlar arzulayaraq Azərbaycanda hər zaman öz sahəsində peşəkar olan gənclərə ehtiyac duyulduğunu bildirib. "Diplomatik Protokol 2" layihəsinin rəhbəri Kövsər Orucova da öz növbəsində millət vəkilinə səmimi görüşə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə