Yanvarın 15-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq.
Dövlət Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, pilot layihə çərçivəsində ilkin olaraq "ASAN xidmət" mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmətləri təqdim edəcək.
"ASAN xidmət" mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət göstəriləcək.
Mərkəzin xidmətlərindən vətəndaşlar həmçinin şəxsən, telefon və ya internet vasitəsi ilə ünvanladığı müraciətlər əsasında istifadə edə biləcəklər. Belə ki, vətəndaşın mərkəzə gəlmədən, internet (www.asan.gov.az saytının "Onlayn növbə" bölməsindən ) və ya telefon vasitəsi ilə (108-"Çağrı" mərkəzi) də növbə tutmaq imkanı olacaq. Vətəndaşları dövlət orqanlarının göstərdikləri xidmətlər və bu xidmətlər üçün tələb olunan sənədlər barədə məlumatlandırma, habelə onların şikayət və təkliflərini qəbul etmə funksiyalarını yerinə yetirəcək Agentliyin "Çağrı" mərkəzi fevralın 1-dən etibarən tam fəaliyyət göstərəcək.
Qeyd edək ki, xidmət barədə ətraflı məlumatı agentliyin rəsmi internet saytından (www.asan.gov.az), Facebook səhifəsindən (http:facebook.com/www.asan.gov.az) və "Çağrı" mərkəzindən əldə etmək mümkündür. "ASAN xidmət" mərkəzi Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir və həftənin bütün günləri səhər saat 10-dan axşam 8-dək, bazar günləri isə axşam saat 5-dək vətəndaşları qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB