"Səs" qəzeti 22 yaşını qeyd etdi

"Dövlətçilik tarixində “Səs” qəzetinin yeri və rolu" adlı dəyirmi masa keçirilib
"Səs" qəzeti 22 yaşını qeyd etdi

""SƏS" qəzeti tarixi bir missiyanı yerinə yetirib. Qəzet çətin tarixi şəraitdə Ulu Öndərin hakimiyyətə gəlməsi istiqamətində çox məharətlə mübarizə aparıb. Ulu öndər ideyalarının cəmiyyətə çatdırılması kimi müqəddəs missiyanı yerinə yetirib". SİA-nın verdiyi xəbərə görə, bunu bu gün "Səs" qəzetinin konfrans zalında "Dövlətçilik tarixində "Səs" qəzetinin yeri və rolu" mövzusunda keçirilən dəyirmi masada qəzetin baş redaktoru Bəhruz Quliyev səsləndirilib.

Tədbirdə "Səs" qəzetinin ilk baş redaktoru, hazırda "Azərbaycan" Nəşriyyatının direktoru olan Ağabəy Əsgərov, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, qəzetin ilk baş redaktorunun keçmiş müavini Rasim Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, qəzetin hazırkı baş redaktoru Bəhruz Quliyev, keçmiş əməkdaşlar Mahir Aşurbəyli, Rabil Kətanov, "Səs" Media Holdinqin yaradıcı kollektivi və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan qəzetin baş redaktoru Bəhruz Quliyev ilk olaraq "Səs"in kollektivinə öz ürək sözlərini və təbriklərini çatdırıb. Sonra dəyirmi masa iştirakçılarına qəzetin keçdiyi çətin tarixi yoldan danışıb: ""Səs" qəzeti Azərbaycanın müstəqillik tarixində üzərinə düşən missiyanı hər zaman şərəflə yerinə yetirib. "Səs" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Fəaliyyəti dövründə sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə yerinə yetirib. O dövrdə ulu öndərin hakimiyyətə gəlməsi istiqamətində, onun ideyalarının cəmiyyətə çatdırılmasında böyük işlər görüb. Həmin dövrlərdə ziyalıların ümummilli liderə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz "Səs" qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, ümummilli lider öz çıxışlarında hər zaman demişdir: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm". Həmçinin Ulu Öndər bu fikirləri ilə "Səs" qəzetinin adının tarixə qızıl hərflərlə yazılmasının altına öz imzasını atmışdır. Sonrakı dövrlərdə də qəzet öz fəaliyyətini uğurla davam etdirib. Modernləşərək öz bazasında Səs İnformasiya Agentliyini və "SəsTV" internet televiziyasını yaradıb. Qısa zaman ərzində agentlik və televiziya internet resursları arasında öz layiqli yerini tutub. Bundan sonra da "Səs" qəzeti öz ənənəsinə sadiq olacaq. "SƏS" qəzeti o qəzetlərdəndir ki, həm müxalif, həm də iqtidaryönlü mövqedə olub. O dövrlərdə müxalif fikirli insanlara müəyyən təzyiqlər olurdu. Ancaq qəzet iqtidara müxalif olub. İndiki müxalifət qəzetlərindən fərqli olaraq dövlətə və xalqa heç bir vaxt müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxaliflik ənənəsini qoyub. Sonradan "Səs" qəzeti iqtidar yönümlü qəzetlərə mayak, məktəb rolunu oynayıb".

Daha sonra çıxış edən "Səs" qəzetinin ilk baş redaktoru, "Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov qəzetlə bağlı xatirələrini bölüşüb: "13 il bu qəzetə rəhbərlik etmişəm, yəni bu şərəfə nail olmuşam. Bu illər mənim üçün ən şərəfli illər olub. Bu illər ərzində qəzetin kollektivi oddan- alovdan çıxıb. "Səs" qəzeti Azərbaycan dövlətçiliyinin tarixinə düşmüş qəzetdir".

Dəyirmi masa iştirakçısı YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Səs" qəzetinin cəmiyyətdə yeri və rolu ilə bağlı öz fikirlərini bildirib, YAP İdarə Heyəti və Katibliyi adından qəzeti təbrik edib. Onun gələcək fəaliyyəti üçün yaradıcı kollektivə uğurlar arzulayıb: "Bu gün Azərbaycanda azad mətbuat və internet mövcuddur. İndi istənilən azərbaycanlı qəzet təsis edə bilər. Ancaq hələ sovet sisteminin tam ləğv olmadığı bir dövrdə qəzet çıxarmaq çox mürəkkəb məsələ idi. Xalq hərəkatı dövründə yeni qəzetlər meydana gəlməyə başlamışdı. O dövrdə "Səs" qəzetinin köşklərdə qalması görünməmiş hadisə idi. Xatırlayıram, "Səs" qəzetinin tirajı 35 minə qalxmışdı. Ona görə də qəzetin cəmiyyətdə yeri və rolu Azərbaycan dövlət müstəqilliyinin təbliği və təşviqindən, o cümlədən həmin dövrdə gedən ictimai-siyasi hadisələrin dəyərləndirilməsindən, xalqa yol göstərilməsindən ibarət idi. Bu gün də "Səs" qəzeti Azərbaycan mətbuatının qocaman nümayəndəsi olaraq öz işinin öhdəsindən layiqincə gəlir".

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov qəzetin ənənəsini yüksək qiymətləndirdiyini və onun fəaliyyətində uğurlar arzuladığını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb: "Çox sevinirəm ki, 2013-cü ilin ilk tədbirini məhz "Səs" qəzetində keçirirəm. Müxtəlif vaxtlarda mətbuat vasitələri müxtəlif rollar oynayıb. Cəmiyyət müstəqil olduqdan sonra tam olaraq demokratik prinsiplərlə yaşadığı müddətdə KİV-lərin tam azad olması haqqında mülahizələr irəli sürürlər. Mən "Səs" qəzetini 1903-cü ildə işıq üzü görən "İskra" qəzetinə bənzədirəm".

Tədbirdə iştirak edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, "Səs" qəzeti müstəqil mətbuat tariximizdə özünəməxsus yeri, dəst-xətti, eləcə də şərəfli tarixçəsi olan mətbuat orqanıdır: "Mən bir jurnalist kimi fəxr edirəm ki, mənim də jurnalist keçmişimin böyük bir hissəsi "Səs" qəzetinin adı ilə bağlıdır. 1990-cı illərin əvvəllərində bu qəzet həftənin tək günləri dərc edilirdi. Beləcə, mən də həmin mətbuat orqanının ən fəal əməkdaşlarından biri idim. "Səs" qəzeti o dövrdə Azərbaycan xalqının tribunası idi".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qəzet haqqında öz fikirlərini bildirib. Qeyd edib ki, Azərbaycanın müstəqil mətbuatının formalaşmasında "Səs" qəzeti mühüm rola malikdir: "Səs"in fəaliyyətə başladığı illər çox çətin idi. Xüsusilə bu qəzetin fəaliyyətə başlaması böyük qətiyyət tələb edirdi. İlk dəfə dövlətçilk prinsiplərinin qorunması naminə fəaliyyət göstərən mətbuat orqanıdır".

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov isə bildirib ki, "Səs" qəzeti, onun bazasında yaradılan Səs İnformasiya Agentliyi və "SƏS TV" hər zaman gənclərin yanında olub.

Daha sonra, qəzetin keçmiş əməkdaşları Mahir Aşurbəyli, Rasim Quliyev, Rabil Kətanov, Valeh Məhərrəmli, "Səs" Media Holdinqin digər üzvləri öz fikirlərini və xatirələrini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdılar.

Tədbirin sonunda "Səs" qəzetinin 22 illik yubileyi münasibətilə hazırlanmış tort kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə