Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğısının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilib. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin Şıx çimərlik zonasında yerləşən "Ramada" istirahət mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub.
SİA-nın məlumatına görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, qəsəbədə hazırda 2200 nəfər əhali yaşayır. Burada həmçinin 365 nəfər məcburi köçkün məskunlaşıb. 2012-ci il ərzində qəsəbədəki məktəb və Namiq Quliyev küçələrinə, Salyan şossesindən Badamdar qəsəbəsi istiqamətində uzanan yola, "Şahinbağ" yaşayış sahəsinə 10200 kv. metr yeni asfalt qatı salınıb, qəsəbə daxilində 4000 kv. metr sahədə fərdi yaşayış evlərinin hasarları və digər tikililərin divarları rənglənib. Salyan şossesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək, burada 750 kv. metr sahəyə qazon otu səpilmiş və dekorativ ağaclar əkilib.
Muxtarov yaşayış sahəsindən "Dostluq parkı"na kimi ərazidə, Salyan yolu boyunca yerləşən bütün hasarlar təmir olunaraq rənglənib, qəsəbə ərazisində 500-dən çox ağac əkilib.
Dövlət Proqramına uyğun olaraq 50 saylı orta məktəb əsaslı təmir olunaraq hər cür avadanlıqlarla təchiz olunub. Həmçinin qəsəbə Mədəniyyət evi və kitabxanada təmir-bərkitmə işləri aparılır, burada əlavə otaq tikilir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına Bibiheybət qəsəbəsi ilə bağlı daxil edilmiş tədbirlərlə bağlı artıq 70 saylı uşaq bağçasının əsaslı təmiri, əlavə musiqi zalı və 3 otağının tikintisi işlərinə başlanıb. Ötən il ərzində qəsəbə sakinlərinin elektrik enerjisi, qaz və su ilə təminatı istiqamətində rayonun xidmət sahələri tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Köhnəlmiş 5 ədəd yarımstansiya əvəzinə yeni 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi, 6-10 kV-luq kabel xətlərinin və KTM-lərin quraşdırılması, 0,4 kV-luq şəbəkənin yenidən qurulması işləri aparılıb.
Qurban, Ramazan və Novruz bayramlarında qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 300 ailəyə ərzaq payı paylanıb, qəsəbədəki xeyir-şər evində iftar süfrəsi təşkil olunub.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov 2012-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib.
İcra başçısı həmçinin qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir, həmçinin "İdman ili" ilə əlaqədar "Şıx" çimərlik zonasındakı "Dostluq parkı"nda müasir velo kriteriumun yaradılması ilə bağlı işlərə başlanıb.
O, bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, qəsəbədəki mədəniyyət evi və kitabxanada, uşaq bağçasında əsaslı təmir bu il başa çatdırılacaq, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək.
Qeyd edək ki, tədbirin sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB