Əhəd Abıyev : ""Yeni Daşkəsən" layihəsi artıq öz həllini tapdı"

Əhəd Abıyev : ""Yeni Daşkəsən" layihəsi artıq öz həllini tapdı"

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Daşkəsən rayonuna ayırdığı vəsaitlə bağlı Rayon İcra Hakimiyyətində "Yeni Daşkəsən" layihəsinin həyata keçirilməsi ilə əlaqədar geniş müzakirə aparılıb. Layihənin icrası üçün verilən qərara, Prezident İlham Əliyevin diqqət və qayğısına görə, bütün daşkəsənlilər ölkə rəhbərinə dərin minnətdarlıq və təşəkkürlərini bildirirlər. SİA-nın məlumatına görə, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının bütün sahələrini əhatə edən geniş, çoxsaylı, irimiqyaslı tədbirlərin-tikinti, abadlıq, quruculuq işlərinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Artıq bu gün Daşkəsən rayonu inkişaf dövrünü yaşayır, böyük tikinti, quruculuq və abadlıq işlərinə başlanılıb. Ötən il ərzində görülmüş işlərə və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Toplantıda rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev geniş və dərin məzmunlu nitq söyləyib. Rayonda ilin yekunu ilə bağlı və "Yeni Daşkəsən" layihəsinin təqdimatı və qarşıda duran vəzifələrə dair hərtərəfli məlumat verib.

İcra başçısı qeyd edib ki, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etməkdədir. Hər ili böyük nailiyyətlər və qələbələr ili kimi yekunlaşdırırıq. Bu uğurların arxasında mütərəqqi baxışların daşıyıcısı olan Prezident İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici və daxili siyasəti dayanıb. Onun zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açıb, bu gün ölkəmiz regionun lider statusunu qazanıb və dünya dövlətləri arasında layiqli yer tutub. Hər bir ölkə vətəndaşı görür ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevi fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti, təvazökarlığı, müdrik siyasi davranışı ətrafda olanlar üçün bir örnəkdir, bir məktəbdir.

Sonra icra başçısı qeyd edib ki, rayonumuzda ötən bir il ərzində Prezidentin göstəriş və tapşırığına uyğun olaraq 15 ünvanda tikinti işləri aparılıb. Həmin tikintilərin bir neçəsi artıq istifadəyə verilib, digərlərində isə inşa işləri davam etdirilməkdədir. Hər bir daşkəsənli bu gün cənab İlham Əliyevə 3000 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayırdığı vəsaitə görə, dərin minnətdarlıqlarını bildirirlər. İndi 31 km uzunluğunda olan Xoşbulaq-Astaf, 25 km məsafədə olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı təmiri bu gün gündəmdədir.

Onu da bildirmək istəyirəm ki, bu il rayonun 26 yaşayış məntəqəsində ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri nəzərdə tutulub. Rayon İcra Hakimiyyəti Aparatı üçün də yeni inzibati binanın inşasına başlanacaq. Daşkəsən şəhərinin bütün küçələrində asfaltsalma və işıqlandırma işləri başa çatdırılacaq. Şəhərin daxilində istinad divarlarının yenidən bərpası, yaşayış binalarının dam örtüklərinin dəmir lövhələrlə dəyişdirilməsi də nəzərdə tutulub. Daşkəsən şəhərini və iki qəsəbəni fasiləsiz, ekoloji cəhətdən təmiz içməli su ilə təmin edəcək yeni su xəttinin çəkilməsinə yaxın aylarda başlanılacaq.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin geniş məzmunlu çıxışından sonra RİHBA-da Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Yolçuyev, RİHB-nın şəhər İƏDÜN-si N.Vəliyev və rayon ağsaqqalları M.Zeynalov, E.Məmmədov "Yeni Daşkəsən" layihəsinin tezliklə həyata keçiriləcəyi və qarşıda duran məsul vəzifələrin layiqincə yerinə yetiriləcəyi istiqamətində görüləcək işlərdən danışıblar.

Toplantının sonunda RİHB-nin müavini Cavanşir Qocayevə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə