Qış imtahan sessiyaları necə gedir?

Qış imtahan sessiyaları necə gedir?

Artıq ali məktəblərdə birinci smestr yekunlaşıb və qış imtahan sessiyası başlayıb. Bununla əlaqədar sosial şəbəkələrdə yazılan "İmtahanlara necə hazırlaşırsınız?", "Sizin universitetinizdə neqativ hallar varmı?", "Birinci imtahanı necə verdiniz?" kimi paylaşımlara tələbələrin münasibəti bir-birindən fərqliliyilə seçilir. Nümunə olaraq göstərdiyimiz paylaşımlarda bir sıra universitetlərin tələbələri "Yaxşıdı, imtahanlarımı oxuyub verirəm", "Necə oxumuşamsa, eləcə də imtahanlarımı verəcəm", "Şükür, pis deyil" kimi fikirlərlə yanaşı "Artıq imtahanlarımı pulla vermişəm", "Neqativ halların canı sağolsun", "Mənim əvəzimə pul imtahan verəcək" kimi ifadələr də səsləndirir. Bəs həqiqətənmi ali məktəblərdə neqativ halların hökm sürdüyü vəziyyət hələ də davam edir?

Bu suala cavab tapmaq üçün bir neçə ali məktəblə əlaqə saxladıq. Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirildi ki, bir neçə gündür ki, imtahanlar başlayıb və qış imtahan sessiyasını müvafiq qaydalara uyğun həyata keçirmək, neqativ hallara yol verilməmək, şəffaflığı, obyektivliyi təmin etmək üçün rektor əmr imzalayıb: "Əmrə uyğun olaraq qərargah və qərargahın da nəzdində qaynar xətt yaradılıb. Bununla əlaqədar universitetin əsas binasında və tədris korpuslarında xüsusi qutular qoyulub ki, şikayət və təkliflər mövcud qaydada möhürlənərək bu qutulara atılır. Qərargahın rəhbərliyinə də tapşırılıb ki, qərargaha və universitetin qaynar xəttinə daxil olan şikayət ərizələri operativ şəkildə araşdırılsın və neqativ hallara yol vermiş şəxslərə qarşı tədbirlərin görülməsinə dair təkliflər verilsin. Həmçinin, Təhsil Nazirliyində fəaliyyət göstərən qaynar xətt xidmətinə də daxil olan hər bir şikayət operativ araşdırılaraq nəticəsi barəsində Təhsil Nazirliyinə məlumat verilməsi təmin edilsin. Eyni zamanda təbiət və humanitar fakultələri üzrə qərargahın nəzdində apellyasiya komissiyaları da fəaliyyət göstərir".

"Hazırda sizə neqativ hallarla bağlı müraciət olunubmu?" sualına isə cavab olaraq şöbə müdiri bildirdi ki, imtahanlara yeni start verilib: "2 gündür ki, imtahanlar başlayıb və bununla əlaqədar, hələ ki, təhlil aparmaq imkanımız məhdudur".

Eyni suallarla Bakı Slavyan Universitetinə (BSU) və Odlar Yurdu Universitetinə də müraciət etdik.

BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev bildirdi ki, universitetdə imtahanlar yazılı şəkildə, fənni tədris edən müəllimlərin iştirakı olmadan aparılır: "Həmçinin imtahanlarda Valideyn Şurasının üzvləri iştirak edir. Tələbələrin yazıları şifrələnərək müəllimlər tərəfindən yoxlanılır. Bu səbəbdən də universitetimizdə neqativ hallara yol verilmir".

Elə Odlar Yurdu Universitetindən də tələbələrin sosial şəbəkələrdə ifadə etdikləri fikirlərin əsassız hesab edildiyi bildirildi. Universitetin mətbuat xidmətindən bildirildi ki, hazırda universitetdə neqativ hallar baş verməyib: "Bizdə belə hallar yoxdu, hər halda belə bir vəziyyət olsaydı bizə xəbər verilərdi. Universitetimizdə imtahanlar test üsulu ilə keçirilir, ona görə də, müəllimlər imtahanların aparılmasına hər hansı bir mənfi təsir göstərə bilməz".

Digər bir neçə universitetlə də əlaqə saxladıq. Onlardan da bildirildi ki, imtahanlar yeni başlayıb və hələ ki, neqativ hallarla bağlı müraciətlər olmayıb. Elə tələbələrin də arzusu odur ki, təhsil aldıqları ali məktəblərdə neqativ hallarla qarşılaşmasınlar və dünyanın digər ölkələrində "pulsuz" təhsil alan tələbələrdən biri olsunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə