Salyan RİH: "Bu məqalələr heç bir fakta əsaslanmayan yalan, böhtandır"

Salyan RİH: "Bu məqalələr heç bir fakta əsaslanmayan yalan, böhtandır"

Müxtəlif informasiya agentliklərində dərc olunmuş məqalələrdə bildirilir ki, guya Salyan rayonunun kəndlərinə mavi qazın verilməsi problemi həllini tapmayıb. Təbii qazın verilməməsi bir yana, köhnə qaz boruları yenisi ilə əvəz olunmaq adı altında satılır. Təbii qaz verilməyən kəndlərdə ki, məktəblərdə dərsə davamiyyət aşağıdır. Salyan Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri K.Muradov SİA-ya verdiyi açıqlamasında dərc olunmuş məqalələrlə əlaqədar bildirib ki, rayonun Qarabağlı, Kərimbəyli və Yolüstü kəndlərinə yeni təbii qaz xətti çəkilib və xeyli vaxtdır ki, kənd əhalisinə təbii qaz verilir. Rayonun digər qəsəbə və kəndlərində isə yeni təbii qaz xəttinin çəkilişi davam etdirilir.

Məqalələrdə guya köhnə qaz borularının satılması barədə qeyd olunan yazılar heç bir əsası olmayan və heç bir fakta əsaslanmayan yalan, böhtan və şantaj xarakterli yazılardır: "Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, rayon İcra hakimiyyəti boru xətlərinin dəyişdirilməsi ilə məşğul olmur. Təbii qaz verilməyən kəndlərdəki məktəblərdə dərsə davamiyyətlə əlaqədar onu deyə bilərəm ki, həmin kəndlərdə qışa yaxşı hazırlıq görüldüyünə görə, dərsə davamiyyət də normaldır. Bir daha bildirirəm ki, müxtəlif mətbuat orqanlarında dərc olunan bu məqalələr heç bir fakta əsaslanmayan yalan, şər və böhtan xarakterlidir".

İcra Hakimiyyətinin rəsmisinin həmin mətbuat orqanlarına tövsiyyəsi də bundan ibarətdir ki, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara daxil olan məlumatları dəqiqləşdirsinlər: "Məlumat üçün bildirirəm ki, rayon İcra hakimiyyətində qaynar xətt fəaliyyət göstərir. İstənilən vaxt daxil olan məlumatları dəqiqləşdirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə