Gənclərin layihəsi yekunlaşdı FOTO

“Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” adlı layihə yekunlaşdı
Gənclərin layihəsi yekunlaşdı FOTO

Azərbaycan Gənclər Fondunun Maliyyə dəstəyi ilə həyata keçirilən "Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması" adlı layihə yekunlaşdı. Layihənin yekunu ilə əlaqədar "Şəfəq" Ekoturizm İctimai Birliyi Lənkəranda, Astarada, Masallıda, Lerikdə, Yardımlıda və Cəlilabad gəncləri ilə bir sıra məlumatlandırıcı xarakterli görüşlər keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən tədbirlərə cənub regionunun rayon İcra Hakimiyyətləri, Rayon Mədəniyyət və Turizm şöbələri, Rayon Gənclər və İdman İdarələri və həmçinin Rayon Təhsil Şöbəsi təşkilati dəstək verib. Ümumilikdə rayonlarda təşkil olunan görüşlərə 200 nəfərə yaxın gənc cəlb olunub. İştirakçılar içərisində otellərin, QHT və dövlət qurumlarının nümayəndələri, tələbə və müəllim kollektivi, bir sıra ictimai fəal gənclər təmsil olunurdu. Gənclərlə görüş zamanı ölkədə, eləcə də cənub regionun ayrı-ayrı rayonlarının turizm inkişaf prespektivləri müzakirə olunub, turizmin inkişafında kadr məsələlərinə də toxunularaq, gənclərin bu sahədə fəallığının vacibliyi qeyd olunub. Bütün tədbirlərdə Azərbaycanda Dövlət gənclər siyasəti və gənclərə dövlət qayğısından da geniş şəkildə danışılaraq, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində yaradılan Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən hazırkı layihənin məhz bu qayğının bariz nümunəsi olduğu bildirilib və Dövlət Proqramı haqqında iştirakçılar məlumatlandırılıb.

Tədbirlərdə "Şəfəq" Ekoturizm İctimai Birliyinin həyata keçirdiyi hazırkı layihənin AzGF tərəfindən maliyyələşməsinin gənclər üçün əhəmiyyətindən danışılıb və layihədə nəzərdə tutulan təlimlərin mahiyyəti barədə gənclərə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, layihə çərçivəsində 2 təlim kursunun keçirilməsi nəzərdə tutulub. Həmin təlimlərə seçilmək arzusunda olan, lakin internet imkanları məhdud olan gənclərə təlimlərin ərizə formaları paylanılıb. Ərizələr həmçinin elektron formada resurs.az saytında və facebook.com sosial şəbəkəsində də yayımlanıb.

Ərizə ilə müraciət əsasında seçim başa çatdıqdan sonra 2 - 6 noyabr 2012-ci il tarixində Qəbələ rayonunda "Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı" adlı 5 günlük təlim kursu həyata keçirilib.

Məlumat üçün bildirək ki, layihənin yekun konfransı Lənkəran şəhərində təşkil olunub, layihə və layihənin nəticə və uğurları ilə bağlı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşr olunmuş bukletlər iştirakçılara paylanıb. Tədbirdə QHT və dövlət orqanlarının nümayəndələri, ictimai fəal gənclər, jurnalistlər, layihədən faydalanan bir sıra gənclər və başqaları təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə