Bu gün Ağcabədidə Azərbaycan Milli Qəhramanı Etibar İsmayılovun vəfatının 19-cu il dönümü qeyd edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qəhrəman təhsil aldığı Hindarx kənd məktəbində yad edilib. Tədbir zamanı Milli Qəhramanın yaxınları, əsgər yoldaşları, müəllimlər və şagirdlər onun büstü önünə gül-çiçək dəstələri düzüblər.
1969-cu ildə Ağcabədinin Hindarx kəndində dünyaya göz açan Etibar İsmayılov 1986-1988-ci illərdə Sovet ordusunda, tank qoşunlarında xidmət edib. 1990-cı ildə o könüllü olaraq müdafiə batalyonlarından birinə yazılıb. Elə həmin vaxtdan kəşfiyyat qrupunun tərkibində Ağdam istiqamətində aparılan döyüş əməliyyatlarında igidliklə iştirak edib. 1994-cü il yanvarın 4 -də Xocavənd rayonun Nərgiztəpə və Ceyl yüksəklikləri uğrunda gərgin döyüşlər başlanır. Tağım komandiri, çavuş Etibar İsmayılov döyüş yoldaşlarına nümunə göstərərək düşmən səngərinin ələ keçirilməsində xüsusi rəşadət göstərib. Erməni hərbçilərinin əks hücuma keçərək onları mühasirəyə salmağa çalışdığını görən, Etibar həyatı bahasına yoldaşlarını xilas edib.
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən Etibar İsmayılovun xatirəsi unudulmur.
Qeyd edək ki, onun adı Masallı rayonunda Viləşçay üzərindəki körpü ilə yanaşı, təhsil aldığı orta məktəbə də verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB