Mübariz Qurbanlı: “Müxalifətin “video-şantaj” cəhdi uğursuz oldu”

“Efirdə etikadan kənar ifadə işlətməyimlə bağlı iddialar cəfəngiyyatdır”
Mübariz Qurbanlı: “Müxalifətin “video-şantaj” cəhdi uğursuz oldu”

Müxalifətin qara piar kampaniyası bu dəfə də iflasa uğrayacaq. Onların internet saytlarında guya mənim tərəfimdən AzTV-nin canlı yayımında etikadan kənar ifadələr işlətməyim haqda deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Millət vəkili bildirib ki, əslində müxalifət bütün resurslarını YAP-ın daha aktiv funksionerlərini vurmağa, cəmiyyətdə partiyamızın imicinə kölgə salmağa səfərbər edib: "Ona görə də əlinə düşən, ağlına gələn üsullardan istifadə etmək istəyir. Belə cılız üsullarla Yeni Azərbaycan Partiyasının gördüyü işlərə, hədəflədiyi planlara zərrə qədər də kölgə salmaq olmaz".

AzTV-də yayımlanan verilişin internet saytında yerləşdirilən variantına gəlincə isə M.Qurbanlı bildirib ki, televiziya verilişində belə bir xoşagəlməz hadisə ümumiyyətlə, baş verməyib: "Əvvəla AzTV-də dekabrın 28-də keçirilən həmin müzakirələr müxalifət mətbuatının yazdığının əksinə olaraq birbaşa (canlı) deyildi. İkincisi, həmin verilişdə kiminsə pıçıltı ilə etikadan kənar ifadə işlətməsinə lüzum yox idi. İştirakçıların hamısı Azərbaycanın tanınmış, cəmiyyətdə hörməti olan ziyalı insanları idi. Bir də orada nə baş vermişdi ki, kimsə etikadan kənar söz işlətsin? Belə güman edirəm ki, müxalifətin mənimsədiyi müasir texniki üsullar onların qara piar kampaniyalarına çox yarayır. Hesab edirəm ki, videonu yayan internet saytı hazırda televiziyaların və ayrı-ayrı şəxslərin istifadə etdiyi montaj proqramlarının köməyi ilə pıçıltı ilə işlədilən qeyri-etik ifadələri həmin kadrlara sonradan əlavə ediblər. Bir sözlə müxalifətin "video-şantaj" cəhdi həmişə olduğu kimi uğursuz alındı. Üçüncüsü, istənilən mütəxəssis həmin pıçıltılı səsin kimə aid olduğunu araşdırılıb tapıla bilər. Mənim səs temprim həmin səslə üst-üstə düşə bilməz. İstənilən şəxs bunu müstəqil şəkildə də yoxlaya bilər".

Millət vəkili bundan sonra hansı addımlar atılacaq, sualına da aydınlıq gətirib. Bildirib ki, şantaj məqsədi ilə videonu yayan internet saytının rəhbəri ilə bir neçə dəfə əlaqə yaratmağa cəhd edib. Lakin qarşı tərəfin telefonu susub: "Əgər həmin səsin mənə aid olmadığı barədə videonu yayan saytda təkzib verilməsə və üzr istənilməsə məhkəməyə müraciət edəcəyəm. Bir daha bəyan edirəm ki, həmin verilişdə guya mənim tərəfimdən qeyri-etik ifadələr işlətdiyim haqda iddiaları qəti şəkildə rədd edirəm və cəfəngiyyat adlandırıram".

Qeyd edək ki, müxalif mövqeyi ilə tanınan saytların birində AzTV-də millət vəkillərinin qatıldığı proqramlardan birinin 29 saniyəlik kadrları yerləşdirilib. Həmin kadrlarda deputat Şahin İsmayılovun çıxışı zamanı kimsə pıçıltı ilə gənclər haqqında ədəbsiz ifadələr işlədir, amma həmin şəxsin üzü görünmür.

Verilişdə Hadı Rəcəbli və Ziya Səmədzadə də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə