Bakı 2013-cü ili möhtəşəm qarşıladı FOTO

Bakı 2013-cü ili möhtəşəm qarşıladı FOTO

Artıq 2012-ci il tarixə çevrildi. Yola saldığımız il yaddaşımıza ölkəmizin dinamik inkişafı, uğurlar ili kimi həkk olundu. Azərbaycan böyük iqtisadi inkişafa nail oldu, beynəlxalq mövqelərini möhkəmləndirdi. Ölkəmizin həyatının bütün sahələri çox uğurla və sürətlə inkişaf etdi, Azərbaycan iqtisadi artım tempinə görə lider mövqelərini yola saldığımız ildə də qoruyub saxladı.

BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanın bu quruma uğurla sədrlik etməsi, ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin, o cümlədən Krans Montana Forumunun, Bakı Beynəlxalq Humanitar Forumun, dinlərarası dialoq beynəlxalq konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün, həmçinin "Eurovision-2012" mahnı müsabiqəsinin, futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının keçirilməsi, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının parlaq qələbələri yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdir. Bütün bunların hamısı Azərbaycanın artıq regional lider kimi bütün sahələrdə inkişafını, beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini bir daha təsdiq etdi. Bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın güclənməsinin bariz göstəricisidir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda möhtəşəm bayram atəşfəşanlığı təşkil edib. Dəqiqələr ötüb və xalqımız 2013-cü ilə qədəm qoyub. Dənizkənarı Milli Parkda sürəkli möhtəşəm atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin soyuq qış səmasını əlvan rənglərə boyayıb.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsası ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər. Al-əlvan işıq selinə qərq olmuş Bakımızın Yeni il gecəsinin səma görüntüsü uzun müddət yaddaşlardan silinməyəcək.

Xalqımız köhnə ili təmtəraqla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, yeni qələbələrin sorağı ilə qədəm qoydu.

Bütün xəbərlər Facebook səhifəmizdə