"Səs" Media Holdinq kollektivinin "Yeni il" arzuları SORĞU

"Səs" Media Holdinq kollektivinin "Yeni il" arzuları SORĞU

Bəşəriyyət artıq yeni ilə qədəm qoydu. Təqvimin dəyişməsi isə təkcə rəqəm dəyişikliyi yox, eyni zamanda insanlıq üçün yeni mərhələnin gəlişi deməkdir. Qara su ilanı üstə təhvil olacaq 2013-cü il özü ilə müdrik hökmlər, ədalətli qərarlar və intellektual sahədə çalışan insanlara uğur gətirəcək. Qara su ilanı ağıllılıq, şüurluluq, məntiqlilik, iradə rəmzidir. İlan qorxu hissi yaradır. O cəld hərəkəti və zəhəri ilə qurbanını hər an məhv etməyə hazırdır. Unutmaq lazım deyil ki, bu yalnız ilanın quyruğunu tapdalayan zaman baş verir. Və ənənəvi olaraq suallar başlayır: qara ilan ili… necə keçəcək? Biz də SƏS Media Holdinq olaraq əməkdaşlarımız arasında sorğu keçirdik. Həmkarlarımızın maraqlı fikirləri ilə sizləri də tanış edək:

İlk müsahibimiz "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəlili qara ilan ilindən bir çox yeniliklər gözlədiyini dedi.

- 2012-ci il yaddaşlarımızda bir çox önəmli hadisələrlə qaldı. Ən əsası isə SİA uğurlarını yenə sıraladı. Bəzi kadr dəyişikliyi olmasına baxmayaraq sıralarımıza yeni qoşulan əməkdaşlarımız agentliyimizin inkişafı üçün önəmli rol oynadılar. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi agentliyin internet saytının yenilənməsini şərtləndirdi. Keçən il yaradıcılıq sahəsində də nailiyyətlərimiz oldu. Azərbaycanda baş verən ən önəmli, oxucularımız üçün maraqlı tədbirlərin işıqlandırılması bizə göstərilən diqqət və qayğının bir daha artırdı. Əməkdaşlarımız həmin hadisələri izlədilər, oxuculara çatdırdılar, bir sözlə baş verən olaylarda yaxından iştirak etdilər. Hadisələrin daha operativ işıqlandırılmasında agentliyimiz xüsusilə fərqləndi. İnanıram ki, bundan sonra fəaliyyətimizi daha da genişləndirəcək, inkişaf edəcəyik. Qarşıda bizi önəmli tədbirlər gözləyir. Vətəndaşlarımız üçün ən önəmli 2013-cü ildə prezident seçkiləri keçiriləcək. Seçki prosesini düzgün, qərəzsiz işıqlandırmaq üçün bütün qüvvəmizi səfərbər edəcəyik. Fürsətdən istifadə edib bütün media nümayəndələrini, bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Səs İnformasiya Agentliyinin redaktoru Günay Məmmədova üçün bil olduqca uğurlu keçib. Onun qazandığı uğurları sizlərə də təqdim edirik.

- 2012-ci il iş həyatımda daha yadda qalan olub. Çünki bu il bir çox uğurlarım olub. Artıq 2 ildir ki, bu kollektivin üzvüyəm. Məhz bu il Səs İnformasiya Agentliyinin redaktoru təyin edildim. Bununla yanaşı, SƏS TV-də xəbərlər proqramının aparıcısı, eləcə də digər layihələrdə uğurum olub. Əldə etdiyim uğurların davamını gələn il də gözləyirəm. Onu da qeyd edim ki, 2012-ci il kollektivimiz üçün də yadda qalan olub. Belə ki, keçən il ailə həyatı quranlarımız olub. Operatorumuz Orxan Hacızadənin toyu yadda qalan hadisələr sırasındadır. Uğurlarımız tək bununla da bitmir. Bu il işimizə gələnlərin sayında artım müşahidə olunub. Xüsusi ilə vurğulamaq lazımdır ki, Səs Media Holdinqi gənclər üçün məktəb rolunu oynayıb. Qurumumuz hər zaman öz ideologiyasına sadiq qalaraq ölkədə baş verən ictimai-siyasi hadisələri daha obyektiv və dəqiq işıqlandıran, fəaliyyətinfə daim yeniliklər edən, inkişaf etmiş agentliklər sırasındadır. İnanıram ki, sükanı hər zaman belə saxlaya biləcəyik. Qeyd etmək istərdim ki, gələn il bütün KİV üçün məsuliyyətli olacaq. Çünki hamının da bildiyi kimi, 2013-cü il prezident seçkiləridir. Elə bu səbəbdən də bütün KİV, o cümlədən də SİA olaraq öhdəmizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik. Prezident İlham Əliyevin yenidən seçiləcəyinə ümid edirik.

Şəxsi həyatımla bağlı isə onu deyə bilərəm ki, yeni ildə yeniliklərə ümidim olsa da, bu, yalnız Allahın qüdrətindən asılı məsələdir. Əgər qismətimə yazılıbsa Tanrı nəsib edəcək. Gələn ilin proqnozları barədə heç nə deyə bilmərəm. Sonda isə dünyada yaşayan bütün azərbaycanlıları yeni il və həmrəylik günü münasibəti ilə təbrik edirəm.

Siasport.az idman portalının redaktoru Elgün Vidadioğlu isə 2012-ci ilin onun üçün uğurlu keçdiyini bildirdi.

- 2012-ci il həm şəxsi, həm də iş həyatımda uğurlu il olub. Bu il bir çox layihələrimiz reallaşdı. Bundan başqa, keçən il Azərbaycan böyük nailiyyətlər imza atdı, bir sıra idman oyunlarına və digər yarışlara ev sahibliyi etdi. Təbii ki, Azərbaycanın uğuru elə bizimdə uğurumuzdu. 2013-cü ildən də böyük nailiyyətlər gözləyirəm. Ən başlıcası isə ölkəmizin işğal altında olan 20 % torpaqları işğaldan azad olar.

Yeni il yaradıcı insanlar üçün daha çox uğur vəd edir. Əvvəlki illərdən fərqli olaraq, 2013-cü il qənaətcil olmaq lazım gələcək. İlan çoxalmanın, artmanın simvolu hesab olunur. O, israfçılığı sevmir və yeni il qənaət və kapitalı artırmaq üçün uğurludur. Keçək digər əməkdaşlarımızın fikri ilə tanış olmağa...

2013-cü ildə uğurlu günlərin sayının çox olmasını arzu edən əməkdaşımız Cabir Məmmədovun da fikirləri olduqca maraqlıdır.

- 2012-ci il bizim üçün də uğurlu keçdi. 2013-cü ildəki uğurlun illərimiz o qədər çox olsun ki, onların sayını unudaq. Hətta istərdim ki, gələn il bütün dünya üçün savaşsız il olsun. Hazırda Azərbaycanda sabitlik hökm sürür. İnşallah, 2013-cü il Azərbaycan üçün qələbə ili kimi tarixə düşsün. Sonda isə hər kəsi təbrik edirəm.

Əməkdaşımız Nərmin Nəsirli isə qeyd edir ki, bu il onun üçün çox uğurlu keçib. Çünki bu il o, ilk iş karyerasına SİA-da start verib.

- 2012-ci il mənim üçün də uğurlu keçdi. Belə ki, iş həyatıma ilk dəfə Səs informasiya agentliyində başlamışam və bu da cari ildə əldə etdiyim ən böyük uğurumdur. Digər sahələrdə də nailiyyətlər əldə etdim. 2013-cü ildən də dövlətimiz üçün uğurlar diləyir və işğal olunmuş torpaqlarımızın azad olunmasını arzulayıram. Sonda isə Azərbaycan xalqının həmrəylik gününü və Yeni ilini təbrik edirəm.

Elə digər həmkarlarımız Elvin və Yeganə üçün də bura ilk iş yeridir.

Elvin Abdulqədirov: Bu il mənim üçün də çox uğurlu keçib. Ən əsası isə bu il SƏS kollektivinə qoşuldum və iş karyerama başladım. əminəm ki, bundan sonra da bu istiqamətdə işimi davam etdirəcəyəm. 2013-cü ildə də bütün əməkdaşlarımıza uğurlar arzu edirəm.

Yeganə Süleymanzadə: 2012-ci il mənə də düşərli oldu. Ancaq inanıram ki, istər iş həyatımda, istərsə də şəxsi həyatımda 2013-cü il daha da uğurlu olacaq. Həmkarlarımı və xalqımızı bir daha yeni il münasibəti ilə təbrik edirəm.

Minarə Hacıyeva üçün isə bu il Türkiyə səfəri ilə yadda qalıb.

- 2012-ci il iş həyatımda Türkiyə səfəri ilə yadda qaldı. Ankara şəhərində təcrübə keçdik. Səfər çərçivəsində bir çox kollektivlə tanış olduq. İnanıram ki, bu təcrübə gələcək karyeram üçün daha mühüm əhəmiyyət kəsb edəcək. Yeni ildə bütün cavanlar kimi yeniliklər gözləyirəm.

SƏS TV-nin redaktoru Vüqar Əliyev bu ilin Azərbaycan üçün önəmli olduğunu deyib, çünki bu il bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib.

- 2012-ci il Azərbaycan üçün əhəmiyyətli oldu, çünki ölkəmiz bu il bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bunun bariz nümunəsi olaraq "Eurovision" mahnı müsabiqəsini misal göstərmək olar. 2013-cü ildən isə Azərbaycanın işğal olunan ərazilərinin sülh yolu ilə geri qaytarılmasını istəyirik. Sonrakı mərhələdə isə televiziyamızın uğurlarının daha da artmasının tərəfdarıyıq.

Montajçımız Mamed Bağırov bildirdi ki, ilan sürünən heyvan olsa da çalışaq ki, gələn il üçün işimiz tez başa gəlsin.

- 2012-ci il mənim üçün uğurlu keçdi. Bir neçə layihənin tamamlanması üçün bu il çox yaxşı şərait yarandı. Nəzərə alsaq ki, 2013-cü il qara ilan ilidir, ilan sağlamlıq rəmzidir lakin sürünən heyvandır. İnşallah gələn il sürünmərik, daha uğurlu nailiyyətlər əldə edərik. 2013-cü ildə keçiriləcək Prezident seçkilərinin uğurla sona çatması üçün Yeni Azərbaycan Partiyasının üzvü olaraq partiyanın fəaliyyətində fəal gənc kimi iştirak edək. 2013-cü ildə yenə də prezident cənab İlham Əliyevin seçkilərdə qalib gələcəyinə inanıram. Şəxsi həyatımla bağlı isə onu deyə bilərəm ki, mənim üçün əsas karyera sahəsindəki fəaliyyətimdi. Lakin vaxtı çatanda ailə qurmaq barəsində də düşünəcəyəm.

Digər montajçımız Rüstəm Məmmədov da bu ilin onun üçün uğurlu olduğunu deyib.

- 2013-cü il üçün xalqımızın firavanlıq içərisində yaşamasını istəyirəm. Bu il mənim üçün düşərli oldu, çünki iş həyatıma burada başladım. Bütün kollektivimizi yeni illə bağlı təbrik edirəm. Eyni zamanda, gələn ildə reallaşacaq prezident seçkilərində yenidən İlham Əliyevi seçməklərini xalqımızdan xahiş edirəm. Özüm də səsimi məhz cənab prezidentimizə verəcəyəm. Şəxsi həyatıma gəlincə isə hələ cavanam. Bu barədə danışmaq yerinə düşməzdi.

2012-ci il həmçinin mədəniyyət sahəsində də uğurlu hadisələrlə yadda qaldı. Mədəniyyət şöbəsinin rəhbəri və şou-biznes yazarımız Türkan Məmmədlinin ailəsində ağır itki baş verib. Buna baxmayaraq, o da 2012-ci ilin onun həyatında buraxdığı izlərdən danışdı.

- Mədəniyyət şöbəsi adından başda rəhbərlik olmaqla bütün əməkdaşlarımızı təbrik edirik. İnanıram ki, SƏS media holdinq bu minvalla da öz işini davam etdirəcək. İstəməzdim ki, 2012-ci ildə yaşadıqlarım 2013-cü ildə də olsun. Allah bizə ancaq gözəl günlər yaşatsın. Gələn ildə daha böyük nailiyyətlərə imza atacağımıza inanıram.

Şou biznes sahəsində çalışan Ceyran Əsgərova da xatirələrini bizimlə paylaşdı.

- Əjdaha ili mənim üçün yaxşı il olmasa da ümid edirəm ki, gələn il hər şey öz qaydasında olacaq. 2013-cü ildən gözlədiklərim çox şey var və inanıram ki, bunları da əldə edəcəyəm. Media holdinqimizin bütün əməkdaşlarını və xalqımızı təbrik edirəm.

SƏS TV-nin efiri üçün kadrları çəkən operatorumuz Orxan Hacızadənin təəssüratları da olduqca maraqlıdır.

- Artıq 2 ildir ki, bu kollektivdə çalışıram. İş həyatımda gözəl insanlarla tanış oldum. Gələn il üçün bütün kollektivimizə uğurlar arzulayıram. Arzum odur ki, fəaliyyətimiz o qədər güclü olsun ki, digər KİV bizə baxıb fəxr etsinlər. Subaylarımız da mütləq gələn ildə ailə həyatı qursunlar.

Qurumumuzun tərkibində fəaliyyət göstərən SİA Travelin əməkdaşı Mehriban Mahmudova da öz fikirlərini məhz bizə dedi.

- 2012-ci il mənim üçün adi illərdən biri kimi keçdi. Ancaq inanıram ki, 2013-cü il həm turizm şirkətimizin fəaliyyətində, həm də şəxsi həyatımız üçün uğurlu olacaq. Sonda xalqımızı hər iki bayram münasibəti ilə təbrik edirəm.

Elə başladığımız sorğunun yekununda elə mən Samirə Abdullayeva bu ildə qazandığım uğurlu dilə gətirdim.

- Bu il mənim üçün də düşərli olub. Belə ki, təhsil aldığım ali məktəbi bitirdim və diplom aldım. İş həyatımda da dəyişiklik oldu, mən bu il parlament müxbiri təyin olundum. İnanıram ki, 2013-cü il qara ilan ili də mənə uğur gətirəcək və nailiyyətlərim daha da artacaq. Onu da xüsusilə qeyd edim ki, gələn il prezident seçkiləridir və biz də agentliyin işçiləri olaraq bu seçkiləri dəqiq, obyektiv işıqlandıracağıq. Ümid edirəm ki, yenidən cənab İlham Əliyev prezident seçiləcək. Sonda isə Azərbaycan xalqını və digər xarici ölkələrdə yaşayan həmvətənlərimizi təbrik edirəm, onlara da yeni ilin düşərli olmasını arzulayıram.

Gələn il ilan ili olmasına baxmayaraq ondan qorxmaq lazım deyil, nə qədər sürprizli və gözlənilməz hadisələr baş versə də, 2013 ümumilikdə və 2012-yə nisbətən sabit keçəcək. Odur ki, "Səs" Media Holdinq adından bütün azərbaycanlıları, o cümlədən kollektivimizi yeni il və həmrəylik günü münasibəti ilə təbrik edirik. Hər zaman yeni illərə xoş diləklərlə...

Bütün xəbərlər Facebook səhifəmizdə