Azərbaycan və Türkiyənin ortaq tarixi yazılacaq
Ortaq tarix yazılacaq

Azərbaycanla Türkiyə arasında ortaq tarixin yazılması iki ölkə arasında önəm daşıyan bir çox məsələlərə münasibətdə birgə çıxış etmək və türk tarixini saxtalaşdıranlara tutarlı cavab vermək imkanı yaradacaq.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəfələrlə türk dövlətləri, o cümlədən Azərbaycanla Türkiyə arasında ortaq tarixin yazılması məsələsi gündəmə gəlsə də, bu sahədə bu günə kimi hər hansı bir addım atılmayıb. Bunu nəzərə alaraq Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu bu prosesi nəhayət ki, sürətləndirmək qərarına gəlib. Məsələ ilə əlaqədar AMEA Tarix İnstitutunda keçirilən Elmi Şurada institutun direktoru Yaqub Mahmudov bildirib ki, ümumtürk tarixinin yazılması prosesinin sürətləndirilməsi türk dövlətlərinin qarşılaşdıqları bir çox problemlərin aradan qaldırılmasına, o cümlədən türk tarixini saxtalaşdıranları ifşa etməyə imkan verəcək. Yaqub Mahmudov bu məqsədlə qardaş ölkədən bir qrup tarixçisinin Azərbaycana gəldiyini və onlarla istər ümumtürk, istərsə də Azərbaycanla Türkiyənin ortaq tarixinin yazılması məsələsinin müzakirə edildiyini söyləyib.

O: "Ümumtürk tarixinin yazılması barədə qərar Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə Prezidenti ilə görüşündə razılaşdırılmışdı. Azərbaycan və Türkiyə tarixinin birləşdirilməsinə böyük ehtiyac var", - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə