Əli Əhmədov: "Gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərirlər" TƏDBİR
Bu gün Yeni Azərbaycan Partiyasinın (YAP) Gənclər Birliyi (GB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP GB-nin sədri Seymur Orucov və partiyanın fəal gəncləri iştirak ediblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edən Əli Əhmədov bildirib ki, 2013-cü ilin xalqımız və dövlətimiz üçün uğurlu bir il olacağına inanır: "Çünki, 2012-ci ildə və daha öncəki illərdə atılan uğurlu addımlar buna şərait yaradacaq. 2013-cü ildəhəyata keçiriləcək işlər 2012-ci ildəkilərin uğurlu davamı olacaq. Belə ki, 2013-cü ildə əldə edəcəyimiz uğurlar siz gənclərdən də asılıdır. Növbəti ildə keçiriləcək prezident seçkilərində xalqımız fəal iştirak edəcək. Biz bununla ilk öncə Azərbaycan xalqına və dünyaya bəyan ecəyik ki, ölkədə yürüdülən Heydər Əliyev siyasəti 1993-cü ildən bu günə qədər xalqa xidmət edib. Bu xidmətin nəticəsində ölkəmiz beynəlxalq aləmdə tanınıb. Azərbaycanın iqtisadiyyatı köklü surətdə dəyişib, iqtisadi potensialın əsasında insanların rifahında müsbət dəyişikliklər baş verib. Paytaxt Bakının və regionların siması pozitiv istiqamətdə dəyişib, inkişaf edib".
İcra katibi bildirib ki, bu illər ərzində ən əsas dəyişiklik isə insanların şüurunda baş verib: "Bu gün müasir Azərbaycanın diktə etdiyi şərtlərə uyğun gələn, müasir dövrün tələbləri ilə ayaqlaşa bilən vətəndaşlarımız var. Xüsusilə qeyd edirəm ki, 20 il ərzində yüksək səviyyəli təhsil almış, dünyagörüşünə sahib olan gənclər formalaşıb. Bizim indiki gənclərimiz təkcə sözdə və ya şüarda vətənpərvərliyi nümayiş etdirmir, onlar eyni zamanda müasir dünyanın gənc insanı olaraq öz peşəsində dövlətinə ləyaqətlə xidmət etməklə vətənpərvərlik nümunəsi göstərirlər. Çox sevindirici haldır ki, Azərbaycan gənclərinin çoxu bu mövqedədir. Lakin ola bilsin ki, gənclərin müəyyən bir qismi fərqli düşünür və bunu nümayiş etirmək istəyirlər. Biz dəfələrlə onlara səhv yolda olduqlarını bildirmişik. Bununla yanaşı Vətənini, millətini sevən sizin kimi gənclər üstünlük təşkil edir. Bu gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının fəallarıdır və partiyanın sıralarında bu kimi gənclərin artması bizi sevindirir. Azərbaycan gəncliyi ölkəmizdə baş verən dəyişikliklərin onların şəxsi həyatında əks olunduğunu dərk edirlər. Onların istər xaricdə, istərsə də ölkə daxilində daha yaxşı təhsil alması üçün ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı və göstərişləri nəticəsində dövlət proqramları əsasında xüsusi qayğı göstərilir. Ölkədə müsbət istiqamətdə baş verən quruculuq və abadlıq işləri də dövlətin vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir".
Əli Əhmədov qeyd edib ki, uğurların əldə edilməsinə baxmayaraq qarşıda Azərbaycanı daha əzəmətli, uğurlu, şərəfli yol və vəzifələr gözləyir: "2013-cü il ölkənin layaqətlə getdiyi yolun daha bir mərhələsidir. Çünki gələn il keçiriləcək seçkilərdə əminik ki, hakim partiyanın Sədri cənab İlham Əliyev yenidən xalqın uğurlu seçimi olacaq, seçkilərdə qalib gələcək. Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonrakı 5 il ərzində də davam etməsinin həm şahidi olacağıq, həm də bu prosesdə iştirak edəcəyik. Xalqımız İlham Əliyevin növbəti 5 ildə də prezident kimi fəaliyyət göstərməsini ona görə arzulayır ki, prezidentimizin həyata keçirdiyi siyasət, ölkədəki sabitlik, ölkənin iqtisadiyyatında baş verən inkişaf, Azərbaycanın dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi vətənpərvər ruhlu hər bir vətəndaşın maraq və manafelərinə uyğundur".
YAP-ın Sədr müavini əlavə edib ki, hər bir ölkənin vətəndaşı xalqına ləyaqətlə xidmət edən insanın rəhbərlik etməsini istəyir və belə bir rəhbər isə Azərbaycanda var: "Təbiidir ki, növbəti seçkilərdə seçim etməyə ehtiyac belə yoxdur. Bu hisslər və duyğular Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində qənaətinin formalaşmasının əsasını təşkil edir. Eyni zamanda hesab edirəm ki, partiyanın üzvləri olaraq biz prezident seçkilərinin fəallıqla, ölkənin seçki məcəlləsinə uyğun olaraq, demokratik keçirilməsi üçün fədakar olmalı, maraq nümayiş etdirməliyik. Bununla da biz dünyaya həm Azərbaycanda demokratik mühitin mövcud olduğunu, həm də prezident İlham Əliyevin ictimaiyyətin dəstəyinə sahib olduğunu göstərməliyik".
Hakim partiyanın icra katibi dövlətin gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirdiyini bildirib. Bundan sonra da bu qayğı və diqqətin daha da şaxələnəcəyini, hər bir sahədə onların daha mükəmməl inkişafının təmin olunması üçün dövlətin xidmət göstərəcəyini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB