"Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!"

"Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!"

Millət vəkili Qənirə Paşayeva: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq bütün azərbaycanlı, türk gəncliyini bu günü virtual məkanda,sosial şəbəkələrdə Xankəndi, Kərkicahan günü elan etməyə və virtual məkanın, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan istifadə edərək Ermənistanın işğalçılıq əməlləri ilıə bağlı geniş məlumatlar yaymağa çağırıram!"

Millət vəkili Qənirə Paşayeva Bu gün "Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!" şüarı ilə sosial şəbəkələrdə bir kampaniya başlamağı təklif etdi. "Bu gün hamımız üçün ağır bir gündür. Düz 21-il əvvəl Kərkicahanın işğalı ilə Xankəndi tamamilə Ermənistanın işğalı altında qaldı və digər rayonların işğalı prosesi başladı." Bu fikirləri millət vəkili Qənirə Paşayeva Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında keçirilən tədbirdəkı çıxışı zamanı söyləyib. Qənirə Paşayeva çıxışı zamanı bütün Azərbaycan gəncliyini dünyanın harasında doğulub yaşamasından asılı olmayaraq bu günü sosial şəbəkələrdə Xankəndi, Kərkicahan günü elan etməyə və virtual məkanın, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. Bu gün "Xankəndini, Kərkicahanı unutmadıq və unutdurmayacağıq!" şüarı ilə sosial şəbəkələrdə bir kampaniya başlamağı təklif edən millət vəkili Qənirə Paşayeva Xankəndi şəhərinin, Kərkicahan qəsəbəsinin Ermənistan tərəfindən işğal edilməsi, bu işğal zamanı Ermənistan tərəfindən törədilən vandalizm aktları, Xankəndinin tarixi barədə məlumatların müxtəlif dillərdə gənclər tərəfindən sosial şəbəkələrdə geniş şəkildə yayılmasını və öz xarici dostlarını bu materiallarla tanış etmələrinin vacibliyini qeyd etdi: "Mən bütün gəncliyi çağırıram ki, Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21 ildönümü ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının" Xankəndinin, Kərkicahanın işğalı bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan və müxtəlif dillərə tərcümə olunan müraciətini beynəlxalq təşkilatlara, beynəlxalq qeyri hökumət təşkilatlarına, insan haqları təşkilatlarına, müxtəlif ölkələrin millət vəkillərinə, siyasətçilərinə, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göndərsinlər". Millət vəkili Qənirə Paşayeva dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını daha da fəal olmağa səslədi və türk diaspor təşkilatları ilə birgə əlaqəli şəkildə fəaliyyət göstərməyin vacibliyini qeyd etdi.

"21 ildi öz evinə dönə bilməyən insanın hüquqlarının pozulmasında böyük bir hüququn pozulması ola bilməz. Ermənistanın bu gün dünyada insan haqlarını ən çox pozan ölkə olmasını daha geniş yaymalıyıq. Bu işdə daha çox gənclər aktiv olmalıdır. Sosial şəbəkələr vasitəsilə bunu bütün dünyaya yaymaq lazımdır. "Xankəndi" sözünün beynəlxalq təşkilatların yaddaşında olması daha vacibdir. Beynəlxalq təşkilatlarda iki standartlıq hökm sürür. Onlar işğalçı ilə işğala məruz qalanı bir tuturlar. Deyirlər, gedin özünüz həll edin, biz də öz fikrimizi bildirərik".

Beynəlxalq təşkilatların hələ də ədalətsiz və ikili standartlardan istifadə etdiyini qeyd edən millət vəkili Qənirə Paşayeva işğalçı ilə işğal edilən dövlət arasında heç bir fərqin qoyulmadığından təəssüfləndiyini dedi. "Bu gün Ermənistan dünyada insan haqlarını kobud şəkildə və ən çox pozan ölkələrdəndir. 21 ildir ki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyon insanımız öz torpaqlarına dönə bilmirlər, xankəndlilər, kərkicahanlılar artıq 21 ildir öz doğma evlərinə dönə bilmirlər", - deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatlarda hökm sürən ikili standartları kəskin tənqid edib. Azərbaycanın getdikcə daha da gücləndiyini deyən millət vəkili işğal altında olan torpaqlarımızı biz özümüz dözlət və millət olaraq işğaldan azad edəcəyik və mən əminəm ki, o gün uzaqda deyil. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə hər birimiz hazır olmalıyıq!", - millət vəkili Qənirə Paşayeva bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə