Lənkəran artıq beynəlxalq əhəmiyyətli bir şəhərə çevrilməkdədir FOTOLAR
Son günlər bəzi kütləvi informasiya vasitələrində Lənkəran rayonu ilə bağlı yalan və böhtan xarakterli məlumatlar yayılıb. SİA-ya Lənkəran Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Azərbaycanın hər yerində olduğu kimi Lənkəran rayonunda da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır.
Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılmış maliyyə vəsaiti abadlıq və binaların təmiri işlərinin görülməsi üzrə keçirilmiş açıq tenderdə qalib gəlmiş "Gold Construction" MMC tərəfindən həyata keçirilir. Artıq şəhərdə magistral yollar boyunca ağ laylarla örtülmüş milli ornamentli istinad divarları hörülüb, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunub, həmin binalara ornamentli üzlüklər çəkilib, küçələrdə divar və hasarlar suvaqlanıb, rənglənib, asfaltlanma işləri aparılıb. Şəhər küçələrində müasir elektrik işıqlandırıcıları quraşdırılıb, səkilərə tamet plitələri döşənib. Şəhidlər Xiyabanı yerləşən küçə əsaslı şəkildə yenidən qurulub, piyada keçidləri və səkilər bərpa olunub, qəzalı vəziyyətdə olan körpünün yerində yenisi tikilib.
Heydər Əliyev xatirə parkının yenidən qurulması, Zərifə Əliyeva küçəsində uşaq əyləncə mərkəzinin tikintisi davam etdirilir, çoxmərtəbəli yaşayış binalarının divarlarında təmir-bərkitmə işləri aparılır və dam örtükləri dəyişdirilir.
Nazirlər Kabinetinin sərəncamı ilə 2012-ci ildə yol tikintisi üçün ayrılmış maliyə vəsaiti üzrə keçirilmiş açıq tenderdə qalib gələn Lənkəran Yol Tikinti ASC-i tərəfindən 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolu tamamilə yenidən qurulub, 16,5 km-lik hissəsinə isti asfalt, qalan hissəsinə çınqıl döşənməklə yol xeyli genişləndirilib və çətin təbii şəraitdə çəkilən bu yol üzərində 2 yeni avtomobil körpüsü və digər suötürücü qurğular tikilib.
Digər bir açıq tenderin qalibi olmuş Lənkəran Yol Tikinti ASC-i tərəfindən 28 min nəfər əhalinin yaşadığı və 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Kamuşovka avtomobil yolu yenidən qurulub, genişləndirilib və asfaltlanıb.
Cari ildə şəhərdə Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı, rayonun Hirkan qəsəbəsində, Xarxatan və Şilavar kəndlərində təzə məktəb binaları tikilib istifadəyə verilib, suötürücü kanallar, kollektorlar müxtəlif tullantılardan, alaq otlarından təmizlənib, park və bağlar abadlaşdırılıb. Hazırda Heydər Əliyev xatirə parkında 3 mərtəbəli Gənclər Mərkəzinin tikintisində tamamlama işləri görülür. Bunlarla yanaşı şəhərdə qəzalı vəziyyətə düşmüş yaşayış evinin sakinləri üçün 24 mənzilli yeni binanın, Vilvan kəndində 640 şagird yerlik təzə məktəbin tikintisi, mərkəzi xəstəxananın əsaslı təmiri, şəhərin və rayonun su-kanalizasiya sisteminin yenidən qurulması, şəhərin, qəsəbə və kəndlərin qazlaşdırılması, məktəblərin və uşaq bağçalarının əsaslı təmiri işləri davam etdirilir.
Göründüyü kimi Lənkəran rayonunun sosial-iqtisadi inkişafı üçün ayrılan vəsaitlərin xərclənmə ünvanları, bu vəsaitlərlə bağlı görülən işlərin konkret icraçıları və görülən işlər göz önündədir. Lakin təəssüf edirik ki, inkişafımızı, tərəqqimizi istəməyən bəzi qara niyyətli qüvvələr ictimaiyyətə tam aydın olan bu məlum həqiqəti görmək istəmədiklərindən müxtəlif vasitələrdən, o cümlədən bəzi internet səhifələrində dezinformasiya yaymağa cəhdlər edirlər. İctimai rəydə çaşqınlıq yaratmaq istəyirlər. Lakin onların cəhdləri əbəsdir. Lənkəran bu gün böyük inkişaf yolundadır. Möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhər sürətlə inkişaf edib gözəlləşir. Bu inkişafı, bu gözəlliyi görməməzliyə vurmaq, onun üzərinə kölgə salmaq nadanlıqdır, cahillikdir. Yalnız gerizəkalı insanlar başa düşməyə bilərlər ki, Lənkəran artıq beynəlxalq əhəmiyyətli bir şəhərə çevrilməkdədir. Cəmi 6 ay ərzində dünyanın 5 qabaqcıl ölkəsinin səfirlərinin Lənkərana gəlişi, Lənkəranda böyük idman bayramının -17 yaşlı qızlar arasında futbol üzrə dünya çepionatının keçirilməsi, bu dünya səviyyəli idman tədbirini işıqlandırmaq üçün yüzlərlə xarici jurnalistin şəhərimizə təşrif buyurması və Lənkəran barədə ürəkaçan, qürurverici məlumatlar yayması məgər bu inkişafın parlaq nümayişi deyilmi. Əgər Lənkəran xarabazara çevrilmişdisə, bəs bu xoşməramlı hadisələr, bu dünya səviyyəli möhtəşəm tədbirlər burada necə keçirilmişdir? Bəs bu xarici ölkə səfirləri nədən Lənkəranın gözəlliyi, burada yaşayan insanların qonaqpərvərliyi barədə heyranedici müsahibələr verirdilər. Bir daha qeyd edirik ki, Lənkəranın inkişafı Azərbaycanın bütün regionlarının inkişafı fonunda baş verir və bu istiqamətdə görülən işlər ölkə rəhbərliyinin daim diqqətindədir.
Göründüyü kimi yalan informasiyalarda əsassız olaraq göstərildiyi kimi Lənkəran şəhəri sökülüb dağıdılmır, əksinə abadlaşdırılaraq daha da gözəlləşir və tarixi ənənlərini qoruyub saxlamaq şərti ilə müasirləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB