“Nüşabə qalası” və “Allah-Allah” türbələri təmir olunur

“Nüşabə qalası” və “Allah-Allah” türbələri təmir olunur

700 ildir el arasında "Nüşabə qalası", "Allah-Allah" türbələri kimi tanınan Bərdə türbəsində nəhayət ki bərpa-təmir işlərinə başlanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yeddi əsirlik mövcudluğu dövründə bir neçə dəfə təmirə ehtiyac duyan tarixi abidə ötən əsrin 50-ci illərində erməni mütəxəssislər tərəfindən yararsız hala salınıb. Uzun sürən fasilədən sonra, tikilinin tarixi əzəmətini özün qaytarmaq üçün əraziyə yüksək səviyyəli mütəxəssislər ezam olunub.
Bərdənin tarixi simvolu əsaslı təmir edilir. Çoxdandır dağılmaq təhlükəsi ilə üz-üzə qalan qədim Bərdə türbəsində nəhayət ki, elmi bərpa işlərinə başlanıb. Proses respublikanın tanınmış bərpaçıları tərəfindən həyata keçirilir. Bərpa işlərində istifadə olunan vasitələrin əksəriyyəti qonşu dövlətlərdən gətirilir. Əsasən Türkiyə və İran islam Respublikasından tikinti materialları gətirilib.
Tarixi abidənin əvvəlki görkəminə qaytarılması üçün həyata keçirilən işlər dövlət orqanlarının nəzarəti altındadır.
Sonuncu dəfə 1957-ci ildə təmirə dayanan türbənin üzərinə erməni əsilli bir memar tərəfindən ümumi çəkisi 50 tona yaxın olan beton örtük qoyulub ki, bu da abidənin həddən artıq yüklənməsinə və sıradan çıxmasına səbəb olub.

Məlumat üçün bildirək ki, Bərdə türbəsi 1322-ci ildə dahi Azərbaycan memarı Əcəminin yetirməsi olan Əhməd İbn Əyyub əl Hafiz tərəfindən inşa edilib. Hündürlüyü 13, diametri 60 metrdir. Hazırda Bərdə rayonu ərazisində 19 tarixi abidə mövcuddur.

Qeyd edək ki, İki hektara yaxın ərazisi olan abidə kompleksində yeni parkda salınacaq, yaşıllıq zolaqları yaradılacaq.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə