Tələbələrarası I bədii tərcümə çempionatı keçirildi

ADU-da tələbələrarası I bədii tərcümə çempionatı keçirildi
Tələbələrarası I bədii tərcümə çempionatı keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində "Tələbələrarası I Bədii Tərcümə Çempionatı" adlı tədbir keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, TGT sədr müavini, Alman-fransız dilləri fakültəsinin 386-cı qrup tələbəsi Günay Quliyevanın layihə rəhbəri olduğu tədbir TGT-nın köməyilə və ATGTİ-nin maliyyə dəstəyi və universitetin tələbələrinin iştirakı ilə baş tutdu. Tədbirdə 2 turdan ibarət olan çempionatın I turunda onlayn formada bədii əsərlərdən tərcümələrini göndərmiş tələbələr arasından II tura keçən qaliblərin seçimi keçirildi. Tələbələrarası I Bədii Tərcümə Çempionatının keçirilməsində məqsəd tələbələrdə bədii tərcümə qabiliyyətlərini üzə çıxarmaq və inkişaf etdirmək idi. Tələbələr Yeni ilə həsr olunmuş və müxtəlif tamaşalardan seçib ümumiləşdirilmiş səhnəciklər nümayiş etdirdilər. Tədbirə dəvət olunmuş Bakı Musiqi Akademiyası və Şuşa Musiqi kollecinin tələbələri də musiqi alətlərində ifa etdilər, muğam parçaları oxudular və onlara ADU-TGT tərəfindən təşəkkürnamə verildi. İngilis dili üzrə İngilis dilinin tədrisi metodikası fakültəsinin 109-cu qrup magistrı Fəridə İsmayılova, fransız dili üzrə Alman-fransız dilləri fakültəsinin 493-cü qrup tələbəsi Lalə Məlikova, alman dili üzrə Filologiya fakültəsinin 349-cü qrup tələbəsi Elçin Yunusov çempionatın qalibləri seçildilər. Qaliblər qızıl diplomla təltif olundu və digər hədiyyələrlə mükafatlandırıldılar.

Qeyd edək ki, tələbələrin tərcümələri münsif heyəti – İngilis dilinin qrammatikası kafedrasının müdiri, dosent Leyla Cəfərova, kafedranın müəllimi Aydan Məlikzadə, alman dili tərcümə kafedrasının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü Yusif Allahverdiyev tərəfindən yoxlanıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə