Kanada Vəkilləri Kollegiyasının üzvü, "Güney Azərbaycanlıların Müdafiə Mərkəzi"nin sədri Hüseyn Türkellinin Səs TV-yə müsahibəsi
- Hüseyn bəy, Azərbaycana xoş gəlmişsiniz. İlk öncə Kanadada yaşayan azərbaycanlılar haqqında məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə orada nə qədər azərbaycanlı yaşayır, Azərbaycan diasporunun fəaliyyəti necədir?
- Ümumiyyətlə, Kanadada 200 minə qədər azərbaycanlı yaşayır. Onların çoxu Güney Azərbaycanından, yəni İrandakı şahlıq sistemi devrildikdən sonra, 70-80-ci illərdə Kanadaya mühacirət etmiş azərbaycanlılardır. O dövrdə milli düşüncə yüksək səviyyədə olmadığına görə, onların böyük bir qismi farsların içərisində əriyib, assimilyasiya olunub. Onların içərisində özünü azərbaycanlı sayanlar da var. Çox təəssüf ki, onların bəziləri özünü azərbaycanlı saymır. Vətən həsrəti olan, azərbaycançılığı anlayan azərbaycanlılardan söz açmaq lazım gələrsə, deyə bilərəm ki, bunların sayı 30-40 minə yaxındır. Onlar Azərbaycan məsələləri, sevincləri, kədərləri ilə maraqlanırlar.
- Sizin rəhbərlik etdiyiniz "Güney azərbaycanlılarının müdafiə mərkəzi"nin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz ?
- Bu bir hüquq müdafiə mərkəzidir. Mərkəzin əsas məqsədi dünya miqyasında bizim beynəlxalq hüquq normalarına uyğun olaraq Güney Azərbaycan türklərinin öz müqəddəratını təyinetmə, hüququnun bərpası uğrunda fəaliyyət göstərir. Çalışırıq ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq edək, onlarla əlaqələr yaradaq. Onlara davamlı olaraq müraciətlər ünvanlanır, beynəlxalq təşkilatlardan istənilir ki, bizim beynəlxalq hüquqda, qanunda, insan haqları bəyannaməsində nəzərdə tutulmuş, həm də İran dövlətinin 1967-ci ildə qoşulduğu konvensiyaya əsasən Azərbaycan türklərinin öz müqəddəratını təyinetmə haqqı ilə bağlı, bu haqqın reallaşdırılması ilə bağlı addımlar atılsın. Beynəlxalq təşkilatlardan tələbimiz bundan ibarətdir ki, İran dövlətinə təzyiq göstərilsin və bu təzyiqlərin sonlarında Azərbaycan türklərinin öz müqəddəratını təyinetmə haqqını reallaşdırılması uğrunda referendum keçirilsin . Bu referendum hansı nəticəni ortaya qoyacaqsa, bu, artıq başqa məsələdir. Öz müqəddəratını təyinetmə haqqı referenduma çıxarılmalı və insanlar buna səs verməlidir. Bir millət kimi bu, bizim hüququmuzdur və mərkəzin də bütün səyləri ondan ibarətdir ki, hüquqi baza yaradılsın, beynəlxalq təşkilatların maarifləndirilməsi sahəsində ciddi işlər görülsün. Başqa dünya Azərbaycan təşkilatları, bütövlükdə Azərbaycan təşkilatlarının köməyi ilə bu yöndə ciddi addımlar atılacaq.
- Güney Azərbaycanda yaşayan soydaşlarımızla bağlı vəziyyət necədir?
- Hüquq təhsili almış biri olaraq məsələyə baxanda adamın ürəyi ağrıyır. Bütün beynəlxalq hüquqların təmin olunduğu sahədə İran dövləti tərəfindən bu hüquqlar həmin vətəndaşlara verilmir. Sərbəst toplaşma azadlığını heç kim poza bilməz, heç kim məhdudlaşdıra bilməz və yaxud söz azadlığını kimsə məhdudlaşdırmamalıdır . İranda elə hüquqsuz vəziyyət var ki, bəzi dostlarla söhbət aparanda, hüquq deyəndə mənim gülməyim gəlir, çünki İranda hüquq deyə bir şey yoxdur. İranda hüquq olmadığı üçün hər hansı bir hüquq uğrunda mübarizə aparmaq da bir o qədər effekt vermir. Çünki ora hüquq dövləti deyil, orada Ayətullah Xomneyi nə deyirsə, bu onlar üçün qanundur və nəzərə alın ki, ən ibtidai hüquq, ən təbii hüquq öz ana dilində təhsil almaq haqqıdır. Sən övladını məktəbə göndərirsən və ya uşaq bağçasına və istəyirsən ki, sənin övladın ana dilində oxusun. İnsanın belə bir azadlığı olmalıdır. Bu adi hüquqdur, lakin bu İranda 3-4 yaşında bağça uşaqlarını belə farsca danışmaq məcburiyyətində qoyurlar. İranda bu sivil dünyadan fərqli olaraq başqa metodlardan da istifadə edirlər, hətta arada fiziki təzyiq metodu ilə də bir uşağa zorla fars dili öyrətməyə cəhd edirlər. Əgər insanlar söz azadlığı hüququnu yerinə yetirmək istəyirsə, o zaman rejim ona da imkan vermir. Qısaca mən demək istəyirəm ki, İranda hər hansı bir hüquqdan söhbət gedə bilməz. Qərbdə belə, insanların faydalandığı adi hüquqdan bizim millət tamamilə uzaqdır. Siyasi cəhətdən də bilindiyi kimi İran rejimindən tamamilə asılıyıq. Bizim iqtisadiyyatımız İran rejimi tərəfində tamamilə dağılır, kəndlərimizdə "yanıq torpaq" siyasəti keçirilir. İran rejimi Xəzərdən və Fars körfəzindən İranın mərkəzi olan Yəzd əyalətinə su kanalları çəkir ki, oralar səhralıqdır, susuz, duzlu yerlərdir. Bu vasitə ilə çalışırlar ki, ora su çəkərək oraları əkib becərsinlər, bərpa etsinlər, buna isə "səhradan arındırma" strategiyası deyirlər. Eyni zamanda İranın şimal- qərbində yerləşən Güney Azərbaycanda yürütdükləri siyasət tamamilə onun əksinədir. Güney Azərbaycan İranın ən yaşıl, sulu, gözəl bölgələrindən biridir, lakin apardıqları siyasət azərbaycanlıları bu bölgələrdən köçməyə vadar edir. Urmiya gölü məsələsi yaradılıb. Mən tam əminliklə deyə bilərəm ki, Urmiya gölünün qurudulması dövlətin düşünülmüş palanıdır. Bəzən onlar gözdən pərdə asmaq üçün deyirlər ki, biz hansısa addım atmaq, tədbir görmək istəyirik, parlamentdə büdcə ayırmışıq və s. Bunların hamısı gözdən pərdə asmaq, insanları aldatmaq üçündür. Strateji məqsəd Urmiya gölünün tamamilə qurudulmasıdır. Bilirsiniz ki, Urmiya gölü qurudulduqdan sonra onun yerində duz qasırğaları olacaq. Azərbaycan da bir çox bu kimim qasırğalar var. Bəzi şəhərlərdə və ya əyalətlərdə bu artıq hiss olunur. Hətta Urmiya gölünü ətrafında üzüm bağlarını məhv etməyə başlayıblar. Bir çox ekspertin rəyinə görə, Urmiya gölünün qurudulmasından sonrakı duz qasırğaları hətta irəliləyək şimal hissədə Naxçıvana və Türkiyənin bəzi bölgələrinə də təsir göstərəcək. Hətta ola bilsin ki, bu problem İranın özünü də narahat etməyə başlasın, çünki bu qasırğalar Tehrana da təsir göstərə bilər. Bu da bizim demək olar ki, ekologiya ilə bağlı vəziyyətimizdir. İqtisadi vəziyyətimiz isə ondan da ağırdır. Azərbaycan kəndlisi əkib becərdiyi məhsulu bazara çıxar bilmir. Buna görə də Azərbaycan kəndlisi öz yurdunu tərk edərək Tehrana və başqa əyalətlərə köçüb gedir və başqa sahələrdə qulluqçu, süpürgəçi kimi və yaxud başqa işlər görmək məcburiyyətində qalır. İşsizlik həddi farslarla azərbaycanlıları müqayisə etməyə başlasaq, Azərbaycanda bu say 2-3 dəfə artıqdır. İnsanların iş tapması qətiyyən mümkün deyil və bu sahədə hər hansı bir addım da atılmır. Ona görə iş yerləri açılmır ki, bunun arxasında duran strateji məqsəd bəllidir. Bu strateji məqsəd Güney Azərbaycan türklərini boşaltmaq və "yanıq torpaq" siyasəti də bunun üçündür. Onların yaşadığı ərazini yarasız vəziyyətə keçirmək və başqa millətlərin gəlib burda yaşamasıdır.
- Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik günü gəlir, bu haqda təbriklərinizi eşitmək istəyərdik.
- Bu bayram ulu öndərimizin bizə bəxş etdiyi yeganə milli bayramdır. Bu, sadəcə bir bayram deyil, eyni zamanda tarixi hüquqlarımızın qorunub saxlanması yolunda strateji bir addımdır. Bu, bizim bütövlüyümüzə aparan addımdır və eyni zamanda bütün dünya azərbaycanlılarının bayramıdır. Bayram münasibətilə bütün azərbaycanlıları təbrik edirəm.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB