Gənclərin II Liderlik Forumu “Azərbaycan 2020: Gənc Baxış” yekunlaşıb

Gənclərin II Liderlik Forumu “Azərbaycan 2020: Gənc Baxış” yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, "İRƏLİ" İctimai Birliyi, Gələcəyə Körpü İctimai Birliyi və PwC Azərbaycan şirkətinin tərəfdaşlığı ilə Gəncə şəhərində keçirilən Gənclərin II Liderlik Forumunun son üç panelləri baş tutub. İcitmai Birlikdən SİA-ya verilən məlumata görə, panellər Strateji Araşdırmalar Mərkəzinin ekspertləri tərəfindən keçirilib.

Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı "Azərbaycan 2020, ümumi baxış gələcək perspektivlər" mövzusunda, SAM mütəxəssisi Şahmar Hacıyev "Azərbaycan 2020 - Enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə" mövzusunda, SAM mütəxəssisi Mahir Hümbətov "Azərbaycan 2020 - Azərbaycanın Beynəlxalq İqtisadi Münasibətlərdə mövqeyi,maliyyə siyasəti, bank sektoru" mövzusunda çıxışlar ediblər.
Çıxışlardan sonra panellər qarşılıqlı diskussiya şəkilində davam edib və forum iştirakçılarının çoxsaylı sualları ekspertlər tərəfindən cavablandırılıb.

Günün yekunu olaraq "Azərbaycan 2020: Gənc Baxış" Gənclərin II Liderlik Forumunun bağlanış mərasimi keçirilib. Mərasimdə "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, SAM-ın mütəxəssisləri Mahir Hümbətov, Şahmar Hacıyev və Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov iştirak ediblər.
Rauf Mərdiyev çıxışı zamanı qeyd edib ki, müxtəlif regionları təmsil edən 100 gəncin bir araya gəlməsi, iştirakçıların forum müddətində göstərdikləri fəallıq, eyni zamanda mövzuların önəmliliyi və iştirakçılar tərəfindən maraqla qarşılanması forumun uğurunun göstəricisidir.
Mikayıl Zeynalov qeyd edib ki, Gənclərin Liderlik Forumu gənclər arasında brendə çevrilib. Artıq ikinci Liderlik Forumuna Gəncə ev sahibliyi edir. Ümid edirəm ki, üç gün ərzində gənclərin forumda əldə etdikləri təcrübə gələcək karyeralarında öz töhfəsini verəcək.

SAM-ın şöbə müdiri Vüsal Qasımlı forumda iştirakından məmnun olduğunu bildirib və qeyd edib ki, çox sevindirici haldır ki, bu gün özünə inanan, ölkəsini sevən, yüksək intellektual biliyə və mədəni dəyərlərə malik gənclər var. Ekspert forumda iştirakçılar arasında çox qiymətli kadrların olduğunu da vurğulayıb. SAM-ın mütəxəssisləri Mahir Hümbətov, Şahmar Hacıyev də gənclərə uğurlar və gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmələrini arzu ediblər.

Qeyd edək ki, sonda 100 gəncə Gənclərin II Liderlik Forumunda fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə