“Böyük İpək Yolu və Naxçıvan”

“Böyük İpək Yolu və Naxçıvan” kitabının təqdimatı olub
“Böyük İpək Yolu və Naxçıvan”

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Elbrus İsayevin "Böyük İpək Yolu və Naxçıvan" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirib ki, "Böyük İpək Yolu və Naxçıvan" kitabxananın yeni yaradılmış elektron kataloquna elektron versiyada təqdim edilən ilk monoqrafiyadır. Nəşrin elmi əhəmiyyətinə də toxunan kitabxana direktoru tədqiqat əsərinin beynəlxalq iqtisadi əlaqələrdə Naxçıvanın mövqeyinin ortaya qoyulması və Naxçıvanşünaslıq elmi baxımından böyük qiymətə malik olduğunu vurğulayıb.

Kitabın müəllifi çıxış edərək monoqrafiyanın hazırlanmasından, kitabda araşdırılmaq üçün qarşıya qoyulmuş mövzunun əhəmiyyət və aktuallığından bəhs edib. O qeyd edib ki, Naxçıvan mədəniyyətinin formalaşmasında Böyük İpək Yolunun mühüm rolu olub. Müəllif kitab haqqında ətraflı məlumat verərək bildirib ki, monoqrafiyanın giriş və nəticə hissələri ingilis dilinə elmi tərcümə olunaraq kitaba daxil edilib. Həmçinin kitabla birlikdə beynəlxalq ticarət yolları və Naxçıvanın Böyük İpək Yolu üçün əhəmiyyətindən bəhs edən elmi-sənədli film də təqdim edilir.

Kitabxananın böyük kitabxanaçısı Vəsilə Cəfərova "Azərbaycan ərazisindən keçən beynəlxalq karvan yolları", kitabxanaçı Heyran Əsgərova "Naxçıvanda Böyük İpək Yolu abidələri", elmi katib Günay Kəngərli "Naxçıvan - Böyük İpək Yolu üzərində ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi" mövzularında məruzə ilə çıxış ediblər.

Sonra "Böyük İpək Yolu və Naxçıvan" adlı elmi-sənədli filmə baxış keçirilib. Sonda kitabın elektron variantı kitabxanaya təqdim olunub, müəllif monoqrafiyanı kitabxananın fonduna və əməkdaşlarına hədiyyə edib.

Qeyd edək ki, kitabın elektron versiyası yaxın günlərdə kitabxananın elektron kitablar katoloquna daxil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə