Milli Həmrəylik və birlik günü

"Səs" qəzetinin redaksiyasında bu mövzuda növbəti dəyirmi masa keçirilib

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaradıb. Ümummilli Lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən və s. ali məqsəddən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması əsas məsələyə çevrildi.

Hələ 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

Belə bir tarixi günlə bağlı dünən "Səs" qəzetində dəyirmi masa təşkil olunub. Tədbirdə millət vəkilləri Asəf Hacıyev, Musa Qasımlı, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redatoru Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə doktoru İbadulla Məmmədov, Diasporlar İş üzrə Dövlət Komitəsinin təbliğat-informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm, ETM "Təfəkkür" Universitetinin professoru, siyasi elmlər doktoru Cümşüd Nuriyev, Güney Azərbaycan Türklərinin Müdafiə Hərəkatının sədri Hüseyn Türkelli iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq artıq neçə illərdir ki, qəzetin redaksiyasında artıq ənənə halını alan dəyirmi masanın növbəti mövzusunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunduğunu bildirib.

"Biz Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsindəyik. Ümummilli Lider Heydər Əliyevin 21 il bundan əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın ən əziz bayramıdır. Xalqımızın birlik və mütəşəkkiliyini, milli təəssübkeşlik və Vətənə sədaqət rəmzini ifadə edən bu bayrama hər kəsin münasibətini bilmək maraqlı olardı. Bugünkü dəyirmi masada iştirak edən tarixçilər, politoloqlar, siyasətçilər tərəfindən məhz bu günə gedən yolun dəyərli məqamlarına nəzər salaraq, Azərbaycanın tarixindəki roluna diqqəti yönəltmək istərdik. Həmin dövrün tələbi nə idi və xalqımız hansı tarixi yolu keçdi? Elə bu sual ətrafında müzakirəyə başlamaq daha münasibdir. İbadulla müəllim, tarixçi alim olduğunuzdan elə ilk olaraq sizdən başalayaq.

- Mən deyərdim ki, Dünya Azərbaycanlılarının Həmrəylik hərəkatı SSRİ-nin dağıldığı zamanda 1989-cu ildə Naxçıvandan başlayıb. Bu proses Ümummilli Lider Heydər Əliyevin Naxçıvana qayıtmasından sonra daha da dərinləşdi. Həmin dövrdə dünyanın ayrı-ayrı ölkəsində yaşayan azərbaycanlılarda sanki oyanma baş verdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etdi. Azərbaycanda hökm sürən ictimai-siyasi hadisələrin cəmində mövcud olan böhran vəziyyətdən xilas olmaq üçün ümumi həmrəyliyə nail olmaq əsas məsələlərdən biri idi. Belə bir bayramın elan olunması o dövr üçün zəruri məsələ idi. Bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, eləcə də, müstəqillik tariximizə ən böyük töhfələrindən biri idi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü - bu bayram dünya ölkələrində yaşayan soydaşlarımızın vahid halda birləşməsinin və həmrəyliyə nail olmasının təməlini qoydu. Həmin zamanda, dünya ölkələrində diaspora təşkilatları yaradılmağa başladı. Ulu Öndər Heydər Əliyev böyük siyasətçi kimi, bilirdi ki, müstəqilliyimizin müdafiəsini möhkəmləndirmək üçün mütləq dayaqlar lazımdır. Əlli milyonluq azərbaycanlıları birləşdirən diaspor təşkilatlarının yaradılması prosesi başladı.

- Asəf müəllim, yaxşı olardı ki, həmin dövrə bir siyasətçi mövqedən yanaşaq. Ümummilli Lider Heydər Əliyevin 21 il bundan əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 Dekabr Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın ən əziz bir bayramıdır. Xalqımızın birlik və mütəşəkkiliyini, milli təəssübkeşlik və vətənə sədaqət rəmzini ifadə edən bu bayram təsis olunduğu dövrdə Azərbaycandakı durum necə idi?

- İlk olaraq, həmrəylik anlayışına diqqətlə yanaşaq. Bu həmrəyliyin başlanğıcı haradan və necə başlanır. Bu həmrəylik ya bir siyasi qurumun, yaxud da güclü bir şəxsiyyətin ətrafında olmalıdır. Təbii ki, şəxsiyyətdən də güclü dövlətdir. Sözsüz ki, həmrəylik dövlətin ətrafında olmalıdır. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradılsa da, onun ömrü 23 ay olmuşdur. Sonrakı mərhələdə sovetlər dövründə həmrəyliyin yaradılması mümkün olmamışdır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu müstəqilliyi qoruyub saxlaya biləcək, təməlini möhkəmləndirə biləcək liderə ehtiyac duyulurdu. Həmin illərdə Azərbaycanda çox gərgin bir vəziyyət yaşanırdı. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyi qazanmaq çətindir, onu qoruyub-saxlamaq ondan da çətindir. Azərbaycan kiçik bir dövlətdir, geosiyasi baxımdan, zənginlik baxımından çox cəlbedici ölkə olduğundan, xarici dövlətlərin ölkəmizə marağı var idi. Mövcud situasiyada müstəqil dövlətin təməlinin möhkəmlənməsi çətin məsələdir. Belə bir dövlətin güclü dövlətə çevrilməsi, müstəqilliyin qorunub-saxlanılması artıq məntiq olaraq, həmrəylik anlayışını ortaya çıxardı. Artıq güclü və stabil dövlətin ətrafında həmrəylik prosesləri başlandı. Bu gün də əldə etdiyimiz nailiyyətlər Azərbaycanı iqtisadi, siyasi stabillik baxımından güclü bir dövlətə çevirib. İstərdim ki, belə bir dövlətə kənardan xarici məkandan yanaşaq. Müasir dövrümüzdə Azərbaycan dünya dövlətlərinə inteqrasiya olunub. Yeni Azərbaycan Partiyası həm Avropa, həm də Asiya strukturlarına inteqrasiya olunub. Bu yaxınlarda Bakıda Asiya ölkələrinin siyasi partiyaların VII assambleyasi keçirildi. Bildiyimiz kimi, bu quruma 340 siyasi partiya daxildir. Bu, qurumda 18 partiyadan ibarət daimi komissiya var. Yeni Azərbaycan Partiyası da həmin daimi komissiyanın üzvüdür. Bu, göstəricilər artıq onu deyir ki, Azərbaycanda həyata keçirilən siyasət dünya dövlətləri tərəfindən birmənalı olaraq qəbul edilir. Belə bir dövlətin ətrafında həmrəy olub birləşmək qabarıq şəkildə ortaya çıxır. Dünyada deyirlər ki, gücə hörmət olunur. Sözsüz ki, bu güc fiziki olaraq nəzərdə tutulmur. Söhbət iqtisadi, siyasi gücdən gedir. Müstəqillik elə anlayışdır ki, dövlət bu xalqın nəyə ehtiyacı olduğunu daha dərindən başa düşür və orada qlobal məsələlər həll olunur. Kiçik dövlətlərin, regionların maraqları nəzərə alınmır. Ona görə də, insan üçün dünyanın ən gözəl neməti müstəqillikdir. Bu baxımdan, müstəqilliyimiz böyük mahiyyət və əhəmiyyət daşıyır. Bu gün müstəqil Azərbaycanın ətrafında milyonlarla insanın həmrəy olması, məntiqi-mənəvi baxımından əhəmiyyətlidir.

- Hikmət müəllim, bir politoloq olaraq, 21 illik tarixi politoloji təhlili maraq doğurur. O dövrdən bu günə qədər bu tarixi bayram Dünya Azərbaycanlıları tərəfindən qeyd olunur. İstərdim ki, bu tarixi zamanı həmrəylik, diasporanın təşkilatlanması baxımından xarakterizə edəsiniz.

- Həmrəylik, həmrəylik günü nədir, bu məsələ niyə ortalığa çıxdı və Azərbaycana həmrəylik nə verdi? Bu məsələnin geniş politoloji təhlilinə ehtiyac var. İkinci tərəfdən isə, bu məsələnin sosial-psixoloji təhlilinə, təbliğinə ehtiyac duyulur. Çünki həmrəylik sözü tematik baxımdan birləşdirici məzmun daşıyır. Necə oldu ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi ifadəsi meydana çıxdı? Bu, Ulu Öndərin dəqiq düşünülmüş siyasəti idi. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir. Bu, cəmiyyətin daha geniş mənada isə, bütün Azərbaycan xalqının ictimai təlabatı idi. Eləcə də siyasi təlabatı idi, sosial təlabatı idi. Çünki güc həmrəylikdən keçir. O dövrü xarakterizə edərkən, Ulu Öndərin bir fikrinə istinad etmək istəyirəm. Çünki Ulu Öndərin zaman-zaman Azərbaycanda baş verən prosesləri həm böyük düha və zəka baxımından olduqca açıq şəkildə ifadə edən, həm də politoloji aspektdən çox dərin məzmun kəsb edən fikirləri var. O fikirlərdən biri belə idi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Azərbaycan xalqının milli sərvətidir". Bu tezis niyə ortaya çıxdı? Bu tezisin özündə daşıdığı məzmun nədər ibarətdir? Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda dövlətə münasibət fərqli idi. Müxtəlif sosial, etnik, dini quruplar tərəfindən fərqli şəkildə mənimsənilirdi. Əslində, bu, Ulu Öndərin Azərbaycan xalqına göndərilmiş siyasi tezis idi. Bu dövlət sizin hamınızın milli sərvətinizdir. Azərbaycanda yaşayan bütün etnik qurupların, sosial qurupların və s. Təbii ki, bu tezisdən sonra belə bir günün təsis olunması məntiqi ardıcıllıqdan irəli gəlirdi. Ulu Öndər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü elan etməklə, əslində, bir çox məsələlərə nail oldu. Həmrəylik ictimai ahəngdarlığı təbliğ edən vasitədir, həmrəylik milli-etnik platformada milli yaddaşı bərpa edən vasitədir, həmrəylik milli özünüdərki təmin edən vasitədir, həmrəylik milli birliyi səfərbər edən vasitədir. Bütün bu nüansların hamısını kompleks şəkildə qiymətləndirərkən, görürük ki, həmrəylik Dünya Azərbaycanlılarının var olmasında və vahid dövlət uğrunda həqiqi müstəqilliyi uğrunda mübarizəsini tənzimləyən bir vasitədir. Sonrakı illərdə bu vasitə institutlaşdırılaraq, vasitədən real mexanizmə çevrildi. Ona görə də, Azərbaycan xalqının inkişaf tarixində həmrəylik gününün təyin olunması Azərbaycan dövlətçiliyinə böyük xidmətlər göstərdi.

- Vüqar müəllim, siz Həmrəylik günü ilə bağlı hansı fikirdəsiniz?

- Əvvəlcə hər birinizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan cəmiyyətində və hər bir azərbaycanlının qəlbində çox böyük bir qürur hissi ilə yaşayan bayramdır. 31 Dekabrın dövlət bayramı kimi qeyd olunması çox böyük tarixi hadisədir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın əksər ölkələrində diaspor təşkilatlarının formalaşmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayır. Hesab edirəm ki, 2012-ci il Azərbaycan tarixində ən parlaq illərdən biri oldu. 2012-ci il Azərbaycanın uğurları ilə zəngin olan bir il oldu. "Eurovision" mahnı müsabqəsinin ölkəmizdə keçirilməsi çox böyük bir tarixi hadisədir. Noyabrın 21-22-də keçirilən konfransı bir siyasi partiya üçün böyük əhəmiyyət malikdir. Çünki dünyanın bir çox partiyalarının sədrlərinin burda iştirak etməsi, Azərbaycan reallıqları ilə tanış olması, ölkəmizdə inkişafın şahidi olmaları Azərbaycanın təbliğində böyük hadisələrdən biri oldu.

Millət vəkili Musa Qasımlı məsələyə münasibət bildirərək qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü xalqımızın tarixində özünəməxsusluğu ilə yadda qalır. Bu gün dünyanın hər yerindən Azərbaycana diqqət yetirilir, Vətən yada düşür, ölkəmizdə baş verən hadisələr izlənilir: "2012-ci də ölkəmizdə çox mühüm hadisələr oldu. Musiqi yarışmasının, idman yarışlarının Azərbaycanda keçirilməsi çox vacib amillərdir ki, bu aparılan uğurlu siyasətin nəticəsidir. Son illərdə xaricdə Azərbaycan mədəniyyət mərkəzlərinin açılması çox önəmli məsələlərdəndir. Bu cür hadisə bizim tariximizdə heç bir zaman olmayıb. Bizim dövlətimiz diaosporaya pul ayırır. Ancaq hesab edirəm ki, hər bir azərbaycanlı diaspora fəaliyyəti üçün 1 manat da olsa pul köçürməlidir. Dövlətimizin buna ehtiyacı olmasa da, bu doaspra quruculuğunda yeni mərhələ olardı. Yəni artıq biz buna keçməliyik.

Tədbirdə digər iştirakçılar da Həmrəylik günü ilə bağlı fikirlərini bildiriblər.

Zümrüd BAYRAMOVA,

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə