ƏƏSMN: Bəzi qəzetlərin məqsədi həyata keçirilən tədbirlərə böhtan atmaqdır

ƏƏSMN: Bəzi qəzetlərin məqsədi həyata keçirilən tədbirlərə böhtan atmaqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binasının Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi mərasimi olub. Eyni zamanda, həmin gün Gəncə şəhərində, Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib.

Beləliklə, bir gün ərzində 411 mənzil, həmçinin 224 minik avtomobili verilməklə, əlil və şəhid ailələrinə sevinc hissi bəxş olunub. (Onu da bildirək ki, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunmuş 5 minə yaxın mənzil, habelə 3525 minik avtomobili dövlət tərəfindən əlil və şəhid ailələrinə verilib).

Hər dəfə olduğu kimi, bu dəfə də respublika ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların, canlarını Vətən uğrunda fəda etmiş insanların ailələrinin yeni mənzillərlə, maşınlarla təmin olunmasını rəğbət və fərəh hissi ilə qarşılayıb. Lakin bütün cəmiyyəti sevindirən bu əlamətdar hadisə təəssüf ki, özlərinin "qara piar ənənəsi"ni nəyin bahasına olursa olsun davam etdirmək, bu və ya digər dövlət orqanının fəaliyyətinə ləkə yaxmaq niyyətində olan bəzi mətbu orqanlar üçün "yeni mövzu mənbəyi"nə çevrilib.

SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin mətbu orqanlarda dərc olunan yazılarda Sumqayıt şəhərindəki 12 mərtəbəli binanın guya 5-ci mərtəbəsinədək istifadəyə verildiyi, digər mərtəbələrin tikintisinin isə tam başa çatmadığı, yalnız 3 mənzilin istifadə üçün yararlı olduğu, həmçinin mənzillərə qoyulmuş mebel dəstlərinin, habelə 3 ailəyə verilmiş orderlərin geri alındığı kimi heç bir əsası olmayan, yalan fikirlər yer alıb. Nazirlik olaraq bildiririk ki, bu fikirlər heç bir fakta söykənmir və ölkədə söz və fikir azadlığının təmin olunması üçün yaradılan şəraitdən sui-istifadə edilməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə böhtan atmaq məqsədinə yönəlib.

Sumqayıt şəhərində əlil və şəhid ailələri üçün müasir standartları özündə birləşdirən yeni layihə əsasında inşa edilən, rahat yaşayış üçün daxili təchizata malik olmaqla, özünün arxitektur gözəlliyi ilə diqqəti cəlb edən, ətrafdan keçən hər bir insanda yalnız xoş hisslər yaradan bir bina haqqında "tikintisinin tam başa çatmadığı" ifadəsini işlətmək nə dərəcədə düzgündür?! Digər tərəfdən, bildiririk ki, binadakı, eləcə də digər bölgələrdə əlil və şəhid ailələri üçün inşa olunmuş binalardakı mənzillərin bölgüsü Nazirliyin 27 noyabr 2012-ci il tarixli 11/7-139 nömrəli əmri ilə yaradılmış müvafiq Komissiya tərəfindən həyata keçirilir.

Həmin Komissiyada yalnız Nazirliyin deyil, rayon (şəhər) İH-lərinin başçılarının müavinləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrin İctimai Birliyinin, "20 Yanvar" Cəmiyyətinin, Çernobıl Əlilləri İttifaqının, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədrləri təmsil olunur.

Mənzil almaq üçün müvafiq rayon (şəhər) İH-də növbədə olan hər hansı əlil və şəhid ailəsinə mənzilin verilməsi Komissiyanın iclaslarında Komissiya üzvlərinin yekdil qərarı əsasında həyata keçirilir. Komissiyanın iclasları tam şəffaflıq şəraitində keçirilir, mənzillərin bölgüsü ilə bağlı hər bir qərar mənzil üçün növbəlilik prinsipinə və ədalətli yanaşmaya əsasən verilir. Bunun nəticəsidir ki, mənzillərin bölgüsü ilə bağlı əlil və şəhid ailələri tərəfindən bu vaxta qədər heç bir əsaslı şikayət və ya narazılıq halı olmamışdır.

Sumqayıt şəhərində yeni istifadəyə verilən 12 mərtəbəli binadakı mənzillərin bölgüsü də şəffaflıq şəraitində, növbəlilik prinsipi və ədalətli yanaşma əsasında həyata keçirilmiş, Komissiyanın mənzillərin bölgüsü ilə bağlı qərarlarından çıxarışlar əlil və şəhid ailələrinə təqdim edilmişdir. Həmin çıxarışların yenidən geri alınması barədə fikir isə yalan və böhtandan başqa bir şey deyildir.

Onu da bildirək ki, Sumqayıt şəhərində əlil və şəhid ailələri üçün inşa olunmuş 12 mərtəbəli, 96 mənzilli binadakı bütün mənzillər təmir olunub və mətbəx mebeli ilə təchiz olunub. Binada mənzillə təmin olunmuş şəxslərdən 25-i şəhid ailələri, digərləri isə əlilliyi olan şəxslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə