Xalq artistinin şəxsi əşyaları muzeyə hədiyyə olundu FOTO

Xalq artistinin şəxsi əşyaları muzeyə hədiyyə olundu FOTO

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycanın Xalq artisti, xanəndə, muğam ifaçısı Qədir Rüstəmovun (1935-2011) şəxsi əşyaları, sənədləri və təltif nişanları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olundu. SİA-nın məlumatına görə, tanınmış xanəndənin həyat yoldaşı Fatma Azadi tərəfindən Muzeyə təqdim olunan əşyalar sırasında görkəmli muğam ustası Xan Şuşinskinin 1965-ci ildə Qədir Rüstəmova bağışladığı qaval və qəlyan, xanəndənin qəlyan kolleksiyası, qızıl və gümüş üzükləri, "Xalq artisti", "Əməkdar artist" vəsiqələri, "Şöhrət" ordeni və s. əşyalar var.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Fatma xanıma öz dərin təşəkkürünü bildirib, Qədir Rüstəmova məxsus əşyaların Muzeyin eksponatları sırasında layiqli yer tutacağını qeyd edib.

Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XIX - XX əsr Azərbaycanın tanınmış bəstəkar, müğənni, musiqiçilərin şəxsi əşyaları və sənədlərindən ibarət zəngin kolleksiya qorunur. Bu materiallar əsasında Muzeyin daimi ekspozisiyasının "XIX - XX əsrin əvvəllərində mədəniyyət" bölümündə müvafiq sektor qurulmuş, maestro Niyaziyə həsr olunmuş sərgi keçirilmiş və kataloq nəşr olunmuş, Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş sərgilər təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə