“Azadlıq” radiosunun prezidenti vəzifəsindən azad edilib

“Azadlıq” radiosunun prezidenti vəzifəsindən azad edilib

"Azadlıq" və "Azad Avropa" radiostansiyalarının prezidenti Stiven Korn "yolverilməz səhvlər buraxdığına" və "Moskva redaksiyasının dağılmasına" görə, öz vəzifəsindən azad edilib. SİA-nın məlumatına görə, o, 2013-cü ilin fevralınadək öz postunu tərk edəcək. Bu barədə cari il dekabrın 25-də "Kommersant-online" internet səhifəsində (http://kommersant.ru/doc/2098002) xəbər verilib.

Cənab Kornun işdən azad olunması qərarını dekabrın ortalarında ABŞ-ın xarici siyasi təbliğat vasitələrinə başçılıq edən Amerika Verilişlər üzrə Müdirlər Şurası qəbul etmişdir. Şuranın üzvləri cənab Kornun radiostansiyanın tamamilə dağılmasına gətirib çıxarmış fəaliyyətindən narazıdırlar.

Şuranın üzlərindən biri olan Viktor Eş deyib: "O bir sıra yolverilməz səhvlər buraxmış və kadrlarla çox pis işləmişdir". Korndan başqa, bu məsələdə "Azadlığın" rus xidmətinin direktoru Maşa Hessen də təqsirləndirilir.

"Azadlıq" radiosunun keçmiş əməkdaşı Mixail Sokolov Stiven Kornun istefasını hər şeydən əvvəl onun "Azad Avropa"/"Azadlıq" radiosunun başçısı kimi qeyri-professional siyasəti ilə əlaqələndirir. O demişdir: "Maşa Hessen rus xidmətinin direktoru təyin edildikdən sonra radiostansiyanın saytı oxucularının 2/3 hissəsini itirmişdir, qazax xidmətində isə siyasi baxımdan qeyri-korrekt videoroliklərlə bağlı qalmaqallar olmuşdur. Mən əminəm ki, onun qəribə və ədalətsiz qərarları ləğv ediləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə