"Elə məhkəmələrimiz var ki, onlar öz səlahiyyətlərindən xəbərsizdir" MÜNASİBƏT
"Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində bir çox problemlər mövcuddur. Bu gün Milli Məclisdə "Yuvenal Ədliyyə haqqında" qanun layihəsinin qəbul edilməsi məqsədilə xüsusi işçi qrupu yaradılıb. Bu da mövcud problemin qarşısını almağa xidmət edir". Bunu SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov deyib.
Onun sözlərinə görə, adıçəkilən layihə qanun pozuntusan yol verən, öz hüquqları məhdudlaşdırılan və zorakılığa məruz qalan uşaqlara yardımın gücləndirilməsi məqsədi daşıyır: "Qanun layihəsinin vasitəsilə xüsusi məhkəmə sisteminin yaradılması, ixtisaslaşmış hakimlərin uşaq hüquqlarının müdafiəsini həyata keçirə bilmələri üçün şərait yaradılır. Bu gün Azərbaycanda uşaq və qadın hüquqları sahəsində xüsusi vəkillərin, sosial işçilərin və psixoloqların müəyyən edilməsi və təlimləndirilməsinə ehtiyac var. Burada, xüsusilə də sosial iş sektorunda tamamilə boşluqlar mövcuddur və ciddi nöqsanlar var".
Müdir müavini onu da vurğulayıb ki, bu gün dövlət qurumları və QHT-lər tərəfindən göstərilən xidmətlər fərqlidir: "Məişət zorakılığına məruz qalan şəxslər üçün mərkəzlər yoxdur. Mövcud olan müəyyən mərkəzlərdə isə lazımi xidmətlər göstərilmir. Azərbaycanda məişət zorakılığına məruz qalan uşaqların sayı çoxdur. Onların bir çoxları da qeydiyyata alınmayıb. Elə bu səbəbdən də göstəricilər rəsmi qeydiyyatla uyğunlaşmır".
Yerli icra strukturlarının bəzilərinin insanların müdafiəsi üçün hansı işləri görəcəklərindən xəbərsiz olmalarından şikayət edən E. Səfərov: "Elə məhkəmələrimiz var ki, onlar öz səlahiyyətlərindən xəbərsizdir. Bu gün respublikada dövlət mərkəzləri yoxdur. Komitə tərəfindən 3 mərkəz yaradılmasına baxmayaraq, onlar da lazımi xidməti göstərə bilmir. Görülən tədbirlərin və xidmətlərin gücləndirilməsi, eləcə də onların keyfiyyəti artırılmalıdır. Keyfiyyətli yardımın göstərilməsi üçün isə nöqsanlar çoxdur",- deyə əlavə edib.
Elgün Səfərov onu da qeyd edib ki, il ərzində komitəyə 1500-2500-ə yaxın müraciət daxil olur: "Müraciətlərin 30-40%-i məişət zorakılığı ilə bağlıdır. İnsan alveri ilə bağlı müraciət isə qurumumuza daxil olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB