Azərbaycanda insan alveri qurbanlarının vəziyyəti açıqlandı

"Bu il Azərbaycanda insan alveri qurbanı olmayıb"
Azərbaycanda insan alveri qurbanlarının vəziyyəti açıqlandı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Prezidentin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı tədbirlər planına əsasən insan alverinin qurbanı olan uşaqlar ilə işləyən mütəxəssislər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, bununla bağlı bu gün Komitə, UNİCEF və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansından dəvət olunan ekspertlərin iştirakı ilə təlim keçirilib.

AQUPDK-nın Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva bildirib ki, ölkədə insan alverinin qarşısının alınması məqsədilə bir sıra işlər görülsə də müəyyən problemlər hələ də qalır. Onun sözlərinə görə, bu işlərdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Şöbə müdiri əlavə edib ki, 2012-ci ildə Azərbaycanda insan alveri qurbanı olmuş uşaqlar olmayıb.

AQUPDK-nın hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov qeyd edib ki, bu məsələdə Azərbaycan daha çox tranzit ölkə kimi istifadə edilir. Onun fikrincə, bu sahədə mövcud problemlərin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir: "İl ərzində komitəyə də həm insan alveri, həm də uşaqların zorakılıq hallarına məruz qalması ilə bağlı müxtəlif müraciətlər daxil olur. Ölkədə məişət zorakılığına məruz qalan uşaqlarla müqayisədə insan alverinə məruz qalan uşaqlara daha çox xidmət göstərilir. Qanunvericilikdə olan bu kimi müəyyən boşluqlar aradan qaldırılmalıdır".

Qeyd edək ki, təlimdə uşaq hüquqlarının və onların qanuni maraqlarının qorunmasının profilaktikası, eləcə də bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri geniş müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə