Nazirlik layihə təqdim etdi

Bu gün Sosial Müdafiə Nazirliyinin sifarişi ilə Konstitusiya Araşdırmalar Fondu tərəfindən hazırlanan "İstedadlı əllilərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi və onların yaradıcılıq imkanlarının təbliği" layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə qeyd olunub ki, müasir dünyada istedadlı əlillərin yaradıcılıq işlərinin təbliğində İKT-dən geniş istifadə edilir. Çünki İKT istedadlı əlillərin yaradıcılığını ölkə sərhədlərindən kənarda da daha geniş miqyasda təbliğ etməyə, həmçinin daha böyük və müxtəlif yaş qruplarına, fərqli baxışlara malik auditoriyanı əhatə etməyə imkan verir.

Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqda məlumatları əhatə edən www.menbacariram.com və www.nobarriers.az saytları yaradılıb. Həmçinin "Mənim möcüzəli dünyam" adlı albom-kataloq nəşr olunub. Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumatlar dərc olunub. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə həmçinin Naxçıvan Muxtar Respublikasında 94 fotosessiya aparılıb.

Qeyd edək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiya sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə