Daşqın Şikarov: "Qarabağda müharibə başlasa, Pakistan ordusu Azərbaycana kömək göstərəcək"
Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarovla "Həftə içi"ndə eksklüziv söhbət
Müstəqilliyini elan edən gündən Azərbaycana arxa duran, hər bir sevinci-kədərini özününkü bilən qardaş Pakistan dövlətinin qayğısını hər birimiz açıq hiss edirik. Demək olar ki, hər gün bu ölkənin mətbuatında Azərbaycana həsr olunmuş məqalələr işıq üzü görür. Əlbəttə ki, xalqlarımız arasında belə doğma, səmimi qarşılıqlı etimadın yaradılmasında Azərbaycanın Pakistanda, eləcə də Əfqanıstandakı səfiri Daşqın Şikarovun rolu misilsizdir. Olduqca savadlı və işinin ustası, səmimi və mehriban olan D.Şikarovla sayca üçüncü müsahibəmizin məqsədi də məhz dövlətlərimiz və xalqlarımız arasında qardaşlığın siyasi, iqtisadi və digər sahələrdə özünü necə göstərdiyini öyrənmək idi. Səfirimiz nələri dedi, oxucuların diqqətinə təqdim edirik.
- Azərbaycanla Pakistan arasında çox yüksək səviyyəli siyasi münasibətlər mövcuddur. Amma təəssüf ki, iqtisadi-ticarət əlaqələri hələ də arzuolunan səviyyədə deyil. İki ölkə arasında birbaşa uçuşların olmaması, tranzit problemlərinin mövcudluğu, maliyyə köçürmələrində müşahidə edilən çətinliklər və bu kimi digər məsələlər iqtisadi əməkdaşlığın inkişafına mənfi təsirlərini göstərən amillərdəndir. Bu il Azərbaycan-Pakistan ticarət mübadiləsi 15 milyon dollara yaxın olub və bu rəqəm təbii ki, bizi qane etmir. Artıq hər iki tərəf ölkələrimiz arasında mövcud olan xoş məramın xalqlarımızın rifahının artırılmasına istiqamətləndirilməsinin vaxtının çatdığını qeyd edir. İqtisadi və ticarət münasibətlərinin inkişafı məsələləri bu ilin yanvar ayında prezident İlham Əliyevin Davos sammiti çərçivəsində Pakistanın baş naziri Y.R.Gilani və oktyabrda İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı sammitində Pakistanın prezidenti Asif Əli Zardari ilə görüşlərdə əsas müzakirə mövzusu olub. Tam əminliklə bildirirəm ki, bu görüşlər öz bəhrələrini verməkdədir və 2013-ci ildə iqtisadi əlaqələr daha da genişləndiriləcək. İdxal-ixrac mallarının çeşidlərinə gəldikdə, Pakistan ölkəmizə əsasən yüngül sənaye, kənd təsərrüfatı, bəzi sənaye avadanlıqları, əczaçılıq malları ixrac edir və Azərbaycandan sürtkü materialları, kimya sənayesi mallarını alır. Qeyd etməliyəm ki, bu ticarətdə müsbət saldo Pakistan tərəfindədir.
- Pakistanın iqtisadi-sosial sahələrində Azərbaycan investisiyası mövcuddurmu? Əgər varsa, bu ölkənin daha çox hansı sahələri Azərbaycan sərmayəsini özünə cəlb etməkdədir?
- Hazırda Pakistan Azərbaycan investisiyalarını enerji sektorunun inkişafına, gübrə istehsalı müəssisələrinin tikilməsinə istiqamətləndirmək arzusundadır. Bu istiqamətdə tərəflər arasında intensiv danışıqlar gedir. Pakistan tərəfi Xayber Paxtunxva əyalətində xırdahəcmli (10-42 MW) su elektrik stansiyalarının və Pəncab əyalətində irihəcmli istilik elektrik stansiyasının tikilməsinə ölkəmiz tərəfindən sərmayələr qoymasını təklif edib. Qeyd etmək lazımdır ki, Pakistan geoloqları, bu ölkənin Ərəbistan dənizi sularında və Kəraçi şəhəri yaxınlığında zəngin neft yataqlarının mövcudluğuna əmindir. Düşünürəm ki, böyük təcrübəyə malik Azərbaycan neftçiləri ilə bu sahədə əməkdaşlıq hər iki tərəf üçün səmərəli ola bilər.
- Sosial-humanitar sahələrdə Azərbaycan Pakistanda hansı layihələri icra edib və yaxın gələcəkdə həyata keçirilməsi gözlənilən belə proqramlarınız olacaqmı?
- 2012-ci ildə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı icra olunub. Bu proqram çərçivəsində, "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış keçirilib, "Hepatit B" virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavar şəhərinin "Akbar Care" serebral paraliç institutunda və Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilib, Kulsum İnternational klinikasında açıq ürəkdə əməliyyatlar aparılıb. Daha sonra Heydər Əliyev Fondu tərəfindən Həmza Fondu (Peşavar) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilən "Suzuki" markalı təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber Fondunun göz xəstəxanasının yeni binasının inşası üçün maddi kömək göstərilib. Bundan əlavə, Ramazan ayında Pakistanın bütün 4 əyalətində yerləşən 11 uşaq evinin 1200 nəfərdən çox sakinləri üçün iftar süfrələri təşkil edilib. 2007-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərərçəkmiş Rara qəsəbəsində tikilmiş qızlar məktəbi bu il təmir olunub. Eyni zamanda, ölkəmizin birinci xanımı tərəfindən məktəbin 5 əlaçı şagirdinə aylıq təqaüd ayrılıb. Əlamətdar haldır ki, Pakistan hökumətinin təşəbbüsü ilə Müzəffərabadda inşa olunan məktəbə Mehriban Əliyevanın adı verilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyilə Qurban Bayramında Pakistanın şimal-qərb bölgələrində yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək, əhalinin kasıb təbəqələrinə paylanılıb. Bilirsiniz ki, Pakistan torpaqlarımızı işğal etdiyi üçün bu günə kimi Ermənistanı dövlət kimi tanımayıb və onunla heç bir münasibət qurmayıb. Ermənistan son iki ildə dəfələrlə Pakistanla münasibət qurmağa cəhd göstərib, lakin İslamabad birmənalı şəkildə Azərbaycan torpaqlarının işğaldan azad olunmasını şərt qoyub. Qardaş Pakistanın Azərbaycana göstərdiyi diqqət, xüsusilə Ermənistanın cəhdlərinə baxmayaraq, bu dövlətlə münasibət qurmamasını, həmçinin bu il fevralın 1-də Pakistan senatı tərəfindən Xocalı soyqırımının rəsmən tanınması və 5 bənddən ibarət qətnamənin qəbul edilməsini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. Təbii ki, biz Pakistanın ölkəmizə diqqətini nəzərə alaraq, 2013-cü ildə də bu ölkənin müxtəlif əyalətlərində humanitar layihələri davam etdirmək niyyətindəyik.
- Sizin də dediyiniz kimi, Pakistan Azərbaycanı öz ərazisi kimi müdafiə etməkdədir. Maraqlıdır, Pakistanın Ermənistana təzyiq rıçaqları varmı? Yəni İslamabad hansısa formada bu ölkəni Azərbaycana güzəştə getməsi üçün sıxışdırmaq imkanına malikdirmi?
- Sevindirici haldır ki, dərin demokratiya ənənələrinə malik olan Pakistan ədalət və beynəlxalq prinsiplərini ali tutaraq Ermənistan – Azərbaycan, Dağlıq-Qarabağ məsələsində ölkəmizi dəstəkləyir. Əhalisi 200 milyon olan Pakistan müsəlman dünyasının ən qüdrətli və yeganə nüvə silahına malik olan ölkəsidir. Bu ölkə, müsəlman dövlətlərini birləşdirən İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, D8 təşkilatının və eyni zamanda, BMT-nin təhlükəsizlik şurasının qeyri-daimi üzvüdür. Buna əlavə olaraq, Pakistan regional lider ölkələrdəndir ki, silahlı qüvvələri dünyanın ən güclü ordularının ilk onluğuna daxildir. Ermənistan bilir ki, sülh yolu ilə torpaqlarımızı qaytarmazsa, ölkəmiz müharibə variantına üstünlük verəcək və bu zaman da Pakistan ordusu təbii ki, Azərbaycanın yanında olacaq. Bundan əlavə, Pakistan ordusu başçısının "işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində Pakistan ordusu Azərbaycana həm canlı qüvvə, həm də hərbi texnika ilə kömək göstərəcək" bəyanatını verməsi, həmçinin Pakistanın ali qanunverici orqan rəhbərinin "Pakistan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə barışa bilməz və işğala son qoyulmayanadək rəsmi İrəvanla heç bir münasibət qurulmayacaq" bəyanatı və sair Ermənistana təzyiqin bir növüdür.
- Siz həm də Əfqanıstanda səfirsiniz. Necə bilirsiniz, Kabil da Xocalı soyqırımını tanıyacaqmı? Yəni Əfqanıstan parlamenti də bu addımı atmağa maraq göstərirmi?
- Birmənalı deyə bilərəm ki, Əfqanıstan Dağlıq Qarabağ məsələsində ölkəmizin mövqeyini tam şəkildə dəstəkləyir. Bu, mənim Əfqanıstanın prezidenti Həmid Karzai, Milli Assambleyanın sədri Alhaj Abdul Rauf İbrahimi, Xarici İşlər Nazirliyin nümayəndələri, eləcə də digər rəsmilərlə görüşlərdə vurğulanıb. Əfqanıstan Milli Assambleyasının may ayında keçirilmiş dinləmələrində çıxış edən deputatlar tərəfindən Ermənistanın işğalçı mövqeyi qəti şəkildə pislənilib, prezident İlham Əliyevin sülhsevər siyasəti və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində atdığı addımları dəstəklənib. Sadəcə, hər bir ölkənin qanunverici orqanının öz iş prinsipləri və ənənələri mövcuddur. Bəzi dövlətlər, ölkələrinə aid olmayan beynəlxalq məsələlərə dair münasibətlərini qətnamə, qərar, bəyannamə şəklində, digərləri millət vəkillərinin çıxışları ilə bildirir. Əminəm ki, gələcəkdə nəinki Əfqanıstan, demokratiya ənənələrinə malik olan, ədalət və beynəlxalq prinsipləri ali tutan digər dövlətlər də Xocalı soyqırımını rəsmən tanıyacaqlar.
- Yeri gəlmişkən, Əfqanıstanla Azərbaycan arasında iqtisadi-siyasi əlaqələri necə dəyərləndirərdiniz? Bu ölkə ilə ticarət əlaqələrimiz il ərzində nə qədər olub? Eləcə də Əfqanıstan Azərbaycan sərmayəsi ilə hansı layihələr icra olunub və ya olunmaqdadır?
- Ölkələrimiz arasında səmimi dostluq münasibətləri qurulub. Azərbaycan sülhməramlıları İSAF qüvvələri tərkibində Kabil yaxınlığında fəaliyyət göstərir. Ölkəmiz Əfqanıstan Silahlı Qüvvələrinin inkişafı fonduna maliyyə yardımları edir, bu ölkənin Əfqanıstanın inkişafına, bölgədə sülhün və əmin-amanlığın bərqərar olunması məqsədilə təsis olunmuş İstanbul konfransının fəal üzvüdür. Bu proses çərçivəsində 14 iyun tarixində Kabildə keçirilmiş Asiyanın Qəlbi konfransında, Azərbaycan narkotiklərlə mübarizə və infrastrukturun təkmilləşdirilməsi tədbirlərinə müvafiq olaraq Rusiya və Türkmənistanla birgə həmsədrlik etmək qərarını verib. Buna əlavə olaraq Bakı, Əfqanıstana daşınan qeyri-hərbi yüklər üçün mühüm tranzit məntəqədir. İqtisadi əlaqələrə gəldikdə isə Azərbaycanın 30 nəfərə qədər neft mühəndisləri Əfqanıstan neftayırma müəssisələrində çalışır, iş adamlarımız bu ölkədə bəzi xidmət sahələrinə aid xırdahəcmli müəssisələr açmış, "Silk Vay" özəl aviaşirkəti fəal şəkildə Əfqanıstana karqo uçuşlarını həyata keçirir və bu ölkənin tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır. Fürsətdən istifadə edərək, mən, bir daha ölkəmizin birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərə qayıtmaq istərdim. Heydər Əliyev Fondunun fəaliyyəti Əfqanıstanda da müşahidə edilməkdədir. Belə ki, bu ilin 19 aprel tarixində Kabildə yerləşən "Avisenna" uşaqlar evinə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə humanitar yardımlar paylanılıb və bu da qardaş əfqan xalqı tərəfindən rəğbətlə qarşılanıb.
- Pakistanın Azərbaycandakı səfiri ilə dəfələrlə keçirdiyimiz görüşlərdə, eləcə də Əfqanıstan nümayəndələri ilə danışıqlarda hər biri Bakıdan İslamabada və Kabilə birbaşa hava reysinin açılmasına çalışdıqlarını bildirirlər və bunun ölkələrimiz arasında hərtərəfli inkişafı daha da sürətləndirəcəyini deyirlər. Sizcə bu ölkələrə birbaşa hava reysinin açılması gözlənilirmi və bu istiqamətdə nə kimi işlər görülməkdədir?
- Paytaxtlarımız arasında bir neçə il öncə birbaşa hava reysi mövcud idi, lakin bəzi texniki səbəblərdən, AZAL-ın reysləri müvəqqəti dayandırılıb. İnanıram ki, iqtisadi əlaqələrin intensivləşməsi bu reyslərin bərpası ilə nəticələnəcək. Hər iki tərəf bunun vacibliyini bildirir və bu istiqamətdə səylər göstərir.
- Bu gün Azərbaycan ictimaiyyəti Pakistan filmlərinə baxmaq, mahnılarını dinləmək istəyir. Bu mənada Pakistan filmlərinin və ya mahnılarının Azərbaycan teleməkanına çıxarılması istiqamətində planlarınız varmı? Eləcə də Azərbaycan kino və mahnılarını Pakistana çatdırmaq…
- Pakistanın çox yüksək keyfiyyətli filmləri, teletamaşaları var. Biz, hazırda bəzi şirkətlərlə həmin tamaşaların Azərbaycan dilinə dublyaj etmək və tamaşaçılarımıza təqdim etmək məqsədilə danışıqlar aparırıq. O ki qaldı Azərbaycan filmlərinə, biz öz daxili imkanlarımız hesabına, Novruz Bayramı günü "Yol əhvalatı" filmini canlı dublyaj edərək çoxsaylı qonaqlara təqdim etmişdik. Sevindirici haldır ki, Azərbaycanın özünəməxsus yumoru Pakistan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Xocalı soyqırımına həsr olunmuş tədbirdə Xocalı filmi nümayiş etdirilib. Bu filmin nümayişi zamanı tamaşaçılar erməniləri dünyanın ən qəddar milləti adlandırıblar.
- Məlumdur ki, ölkələrin xalqlarını bir-birinə tanıtmaq üçün jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etmək ən səmərəli vasitələrdəndir. Səfirlik olaraq Pakistan jurnalistlərini Azərbaycana gətirmək məqsədiniz varmı?
- Jurnalistikanın müasir dünyadakı rolunu biz səfirlik olaraq, çox yüksək qiymətləndiririk. Məhz buna görə də, bu istiqamətdə səfirlik tərəfindən çoxşaxəli iş aparılır. Təkcə bu il ərzində Pakistanın nüfuzlu "Daily Times", "Pakistan Observer", "Centreline", "The Nation", "Janq", "DNA Nyus", "The Nyus", "Diplomatik Star", "Daily İttehad" qəzetlərinin baş redaktor və jurnalistləri Azərbaycana səfərləri təşkil edilib. Onlar ölkəmizdən qayıdandan sonra Azərbaycan həqiqətlərini Pakistan ictimaiyyətinə çatdırılmasında mühüm işlər görüblər. Eyni zamanda, azərbaycanlı jurnalistlərin də Pakistana səfərlərinin təşkili üçün işlər görülür və 2013-cü ildə siz də daxil olmaqla bir qrup jurnalistin Pakistana səfəri həyata keçiriləcək.
Vüsal Tağıbəyli
Pakistan ordusu başçısının "işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində Pakistan ordusu Azərbaycana həm canlı qüvvə, həm də hərbi texnika ilə kömək göstərəcək" bəyanatını verməsi, həmçinin Pakistanın ali qanunverici orqan rəhbərinin "Pakistan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə barışa bilməz və işğala son qoyulmayanadək rəsmi İrəvanla heç bir münasibət qurulmayacaq" bəyanatı və sair Ermənistana təzyiqin bir növüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB