Hər il olduğu kimi bu il də Bakı şəhəri Dənizkənarı Bulvar ərazisində Yeni illə bağlı əsas gördüyümüz işlər şam ağaclarının bəzədilməsi və hər ağacın yanında şaxta baba, qar qızın fəaliyyətini təmin etməkdir. SİA-nın xəbərinə görə, bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, artıq 13 yerdə belə ağaclar quraşdırılıb: "Bu ağacların ölçülərinə görə, ən hündürü Kukla teatrının arxasındakı böyük bir meydançada fəaliyyət göstərəcək ki, onun hündürlüyü 35 metr, diametri isə 18 metrdir. İşin 70 faizi demək olar ki, görülüb. Biz də ötən il rekord ağac 22 metr olub. Digər ağaclar isə 8, 10 metr hündürlüklərində olub".
N.Məcidov deyir ki, bulvar ərazisində ağacların ətrafında foto, şaxta baba və qar qızın seçimini "Şam prodakşn" şirkəti bulvar idarəsi ilə müqavilə əsasında həyata keçirir: "Digər tərəfdən şaxta baba və qar qızdan elə də böyük bilik, savad tələb olunmur amma az da olsa onların intelektual səviyyələri olmalıdır ki, uşaqları əyləndirə bilsinlər və onlarla ünsiyyətə girsinlər".
İdarənin rəis müavini həmçinin bu il parkda quraşdırılmayan buz meydançasına da aydınlıq gətirib: "Biz əvvəlki illərdə buz meydançası quraşdırarkən demişdik ki, o buz meydançasının uzun müddətli fəaliyyəti üçün gərək ətrafda havanın temperaturu müsbət on dərəcədən aşağı olsun. Lakin təcrübə göstərdi ki, Bakı şəhərində müsbət on dərəcədən aşağı temperatur olur amma bu da çox az bir müddət davam edir. Amma hesab edirəm ki, gələcəkdə hər hansı qapalı tipli buz meydançasının fəaliyyəti xoşagələn bir hal olar".
Yeni atraksion və karusellərin bulvar ərazisində quraşdırılmasına gəlincə, N.Məcidov bildirib ki, bu proses daimi olaraq davam edir: "Dünyanın ən inkişaf etmiş ölklərində və parklarında istifadə edilə biləcək atraksion olarsa biz təbii ki, onun Bakıda tətbiqinə çalışacayıq. Düşünürəm ki, yay mövsümünə qədər yeni atraksion və karusellərin gətirilməsi mümkünüdür. Biz bu haqda işlərimizi davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB