Abşeron rayonunun 50 illiyi münasibətilə tədbir keçirilib

Abşeron rayonunun 50 illiyi münasibətilə tədbir keçirilib

Bu gün Azərbaycan sosial-iqtisadi inkişafının yüksəliş dövrünü yaşayır. Ölkə həyatının istənilən sahəsində tərəqqi və sürətli inkişafı görmək mümkündür. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf edən dövlətlərindən biri kimi nüfuz qazanıb.

İqtisadi tərəqqinin Azərbaycanın bütün regionlarını əhatə etməsi, bunun ölkə vətəndaşlarının həyatında öz əksini tapması respublikamızı daha qüdrətli dövlətə çevirir. Bütün bunlar həm də onun göstərir ki, ümumi iqtisadi inkişafda regionların payı artan xətt üzrə inkişaf edir, ümumi daxili məhsul istehsalında onların xüsusi çəkisi getdikcə yüksəlir. Bu, eyni zamanda, qeyri-neft sektorunun inkişafına da böyük töhfələr verir. Ölkəmizin iqtisadi tərəqqisinə davamlı şəkildə töhfə verən, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan rayonlardan biri də Abşerondur.

Gələn il yanvarın 4-də Abşeron rayonunun 50 yaşı tamam olur. Yubileylə bağlı artıq hazırlıq işlərinə start verilib. Rayonun idarə, müəssisə, təşkilatlarında, mədəniyyət və təhsil ocaqlarında bununla bağlı artıq silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Xırdalan şəhər Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbində baş tutub.

Tədbirdə qeyd olunub ki, respublikamızda həmişə seçilənlər sırasında yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlardan olan Abşeron bu gün inkişafının sürətli mərhələsini yaşayır. "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Coğrafi iqlim və geoloji amilləri sayəsində yarımadada insanlar 20 min il bundan əvvəl məskunlaşıb. Ancaq Abşeron rayon kimi 4 yanvar 1963-cü ildə təşkil olunub.

Vurğulanıb ki, Azərbaycan dövləti hər bir bölgənin inkişafı üçün əməli tədbirlər görür, regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində uğurlu işlər həyata keçirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bütün sahələrdə böyük nailiyyətlərə imza atıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən iki dövlət proqramı ölkə həyatında müstəsna rol oynayıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin davamlı inkişaf proqramı müvəffəqiyyətlə icra olunur.

50 ilə yaxındır yaradılan və ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirir. Ölkənin hər bölgəsində olduğu kimi Abşeron rayonunda da yeni təhsil ocaqları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Xırdalan şəhər Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbi də son vaxtlar inşa edilən təhsil ocaqlarından biridir. Bütün sahələrlə yanaşı təhsildə uğurların artması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan xəbər verir.

Daha sonra məktəbin özfəaliyyət dərnəyi konsert proqramı ilə çıxış edib. Milli geyimli oğlan və qızların rəqsi, vətənpərvərlik ruhunda səsləndirilən şeir və mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə