II Liderlik Forumunun açılış mərasimi keçirilib

Gənclər paytaxtı Gəncədə II Liderlik Forumunun açılış mərasimi keçirilib
II Liderlik Forumunun açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, "İRƏLİ" İctimai Birliyi, Gələcəyə Körpü İctimai Birliyi və PwC Azərbaycan şirkətinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Gənclərinin II Liderlik Forumunun açılış mərasimi keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkili Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, PwC Azərbaycan şirkətinin idarəedici partnyoru Mövlan Paşayev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev ilk olaraq Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə "İRƏLİ" İctimai Birliyinin üzvləri adından təbrik edib. Daha sonra Rauf Mərdiyev qeyd edib ki, artıq bir ənənə halını alan gənclərin liderlik forumunda bu gün əsas mövzu Azərbaycan -2020 konsepsiyası müzakirə olunacaq. Bu gün gənclər siyasəti paytaxt Bakıda və eyni zamanda regionlarda uğurla davam etdirilir. Bütün sahələrdə gənclərin fəallığı bunun bariz nümunəsidir. Ölkədə aparılan bütün islahatlarda gənclərin rolu əhəmiyyətli dərəcədə özünü göstərməkdədir.

Açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün Gəncədə aparılan islahatlar və yenidən qurma işləri barədə ətraflı məlumat verib. Elmar Vəliyev qeyd edib ki, yaxın gələcəkdə Gəncənin siması əhəmiyyətli dərəcədə dəyişəcək, 2020-ci ilə qədər Gəncədə sosial-iqtisadi sahədə ciddi işlər həyata keçiriləcək. Gənclərə yönəlik layihələrə toxunan icra başcısı bildirib ki, yaxın gələcəkdə bu istiqamətdə də bir sıra yeniliklərə imza atılacaq.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında forumun əhəmiyyətinə toxunub. Bu səpkili layihələrin regionlarda keçirilməsini təqdirə layiq hal kimi dəyərləndirib. O, qeyd edib ki, beynəlxalq əhəmiyyətli layihələrin regionlarda keçirilməsinin başlıca önəmi ondadır ki, iştirakçılar regionlarda gedən inkişafla əyani şəkildə tanış ola bilirlər.

Fərhad Məmmədov vurğulayıb ki, 2013-cü ildə SAM bir sıra beynəlxalq layihələri məhz regionlarda keçirməyi planlaşdırır. Daha sonra millət vəkili Ceyhun Osmanlı çıxış edərək qeyd edib ki, forumun əhəmiyyəti ondadır ki, burada həm bu günümüz , həm də sabahımız müzakirə edilir.

Son bir ilə nəzərə salan Ceyhun Osmanlı həmçinin qazanılmış uğurları sadalayıb. Qeyd edib ki, bu gün dünyada Azərbaycan kimliyinin dəyəri yüksəlib. Bu da özünə güvən hissinin yüksəlməsi deməkdir. Azərbaycan hər bir işi uğurla həyata keçirə bilər. Beynəlxalq aləmdə artıq Azərbaycan deyəndə yaranan sual işarəsini bu gün etibarlı tərəfdaş, daim inkişaf edən, demokratiya yolunda uğurla addımlayan bir ölkə ağla gəlir.

PwC Azərbaycan şirkətinin idarə edici partnyoru Mövlan Paşayev gənclərin liderlik məsələsinə toxunub. Qeyd edib ki, lider olmaq üçün bilik və təcrübə əsas rol oynayır. Yeniliklərə və inkişafa nail olmaq üçün yaradıcılıq başlıca amildir.

Daha sonra görüş qarşılıqlı diskussiya şəkilində davam edib və gənclər onları maraqlandıran suallarla ekspertlərə müraciət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə