“Sağlam ailə gələcəyin təminatıdır”

“Sağlam ailə gələcəyin təminatıdır”

Bu gün "Sağlam ailə gələcəyin təminatıdır" adlı aksiya çərçivəsində tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətilə birgə həyata keçirilib. Tədbirdə qeyd olunub ki, komitəyə erkən nigah və ailə zorakılığı ilə bağlı çox sayda ərizələr daxil olub. Bu məqsədlə də 2011-ci ildən başlayaraq "Sağlam ailə gələcəyin təminatıdır" adlı aksiya çərçivəsində Bakının 11 rayonunda tədbirlər həyata keçirilib. 2000 gəncin iştirak etdiyi bu tədbirlər maarifləndirmə ilə yanaşı sosial problemləri olan ailələrə yardım göstərilib.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu kimi tədbirlərin keçirilməsi gənc nəslin ailə qurmasında və bu ailənin təməlinin möhkəm olmasında mühüm rol oynayır: "Azərbaycanda ailə dəyərlərinə xüsusi qiymət verilir. Bu gün dövlət başçısının da azərbaycanlı ailəsinin tam şəkildə qorunub saxlanması üçün atdığı addımlar da buna bariz nümunədir. Boşanmaların çoxalmasında əsas məsələlərdən biri də yoxsulluqla bağlıdır. Lakin dövlətin qayğısı nəticəsində bu gün yoxsulluq problemi 9%-dən 7%-dək azalıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, hər bir cəmiyyətin təməlində ailə dəyərləri güclü olmalıdır. Komitə sədri qeyd edib ki, nigah müqavilələrinin bağlanması ailə quran gənclərin gələcəkdə boşanma riskini azaldır: "Həmçinin bu məslə boşanma hallarında qadınların bir sıra problemlərinin həllinə yardım edəcək. Yeni evlilər boşanma baş verən zaman nigah müqaviləsinin olması halında hüquqi cəhətdən əvvəlcədən təmin olunmuş olurlar".

Qeyd olunub ki, rayon icra hakimiyyətlərinin bu kimi layihələrə cəlb olunması nəticəsində erkən nigahların baş verməsi məsələləri nisbətən azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə