“Azərbaycan tarixi fənn aylığı” FOTO

“Azərbaycan tarixi fənn aylığı” FOTO

MİRAS İctimai Birliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də sinifdənxaric tədbirlərin təşkili məqsədilə 2012-ci ilin dekabrını "Azərbaycan tarixi fənn aylığı" elan etməsinə uyğun olaraq Bakıdakı məktəblərdə keçirdiyi mədəni irs seminarlarını yekunlaşdırıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə,"Azərbaycan tarixi fənn aylığı" çərçivəsində MİRAS İctimai Birliyinin son tədbiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində keçirilib. Mədəni irs seminarlarının proqramına uyğun olaraq tədbiri şəbəkənin vitse-prezidenti İlahə Bağırova açıb. İ.Bağırova şəbəkə və onun fəaliyyəti haqqında məlumat verib, MİRAS İctimai Birliyini məktəblilərə təqdim edib. MİRAS İctimai Birliyinin sədr müavini A.Soltan birlik haqqında geniş məlumat verib, MİRAS-ın ölkə və beynəlxalq əhəmiyyətli layihələrindən söz açıb. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar, görülən mühafizə və təbliğat işləri haqqında məruzə edib. O, Orta əsr Ağsu şəhərindən aşkar olunmuş təkrar materiallarını, o cümlədən gənc dulusçu Xalid Şabanovun hazırladığı saxsı məmulatının müəyyən hissəsini burada sərgilədiklərini qeyd edərək onları məktəblilərə təqdim edib. Bir neçə Bakı məktəbindən bir yerə toplanmış məktəblilərin Azərbaycan tarixinə dair sualları cavablandırılıb. Diskussiya şəklində keçən görüşdə fəal iştirak edən məktəblilərə MİRAS İctimai Birliyinin nəşrləri və disklər hədiyyə edilib. MİRAS İctimai Birliyinin üzvü, ebru mütəxəssisi Vüsal Qaraqaşlının su üzərində əsrarəngiz boya işləri məktəblilərin heyrətinə səbəb olub, bəzi məktəblilər hətta öz bacarıqlarını sınayıblar.

Qeyd edək ki, mədəni irs seminarları Sabunçu rayonunda yerləşən Elxan Misirxanov adına 71 saylı məktəbdə başlanıb, Yasamal rayonundakı İlqar İbrahimov adına 167 saylı, Nizami rayonundakı 129 saylı və Vüqar Sadıqov adına 214 saylı məktəblərdə keçirilib.

MİRAS İctimai Birliyi 2013-cü ildə də Azərbaycanın zəngin mədəni irsini təbliğ edən seminarlar keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə