Ankarada ümummilli lider Heyder Əliyevin mədəniyyət və sənətə olan diqqətindən bəhs edən konfrans keçirilib. Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Bilkent Universiteti tərəfindən təşkil edilən "Heydər Əliyev Dünyasında Mədəniyyət və Sənət" konfransına qatılıb.
Ulu öndər Heydər Əliyevin ölümünün 9-cu ildönümündə təşkil edilən "Heydər Əliyevin Dünyasında Mədəniyyət və Sənət" Konfransında danışan mədəniyyət və turizm naziri Ərtoğrul Günay Ulu öndərin Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışıb.
Baş nazir müavini Bəşir Atalay isə Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun inkişafında bir simvol olduğunu vurğulayıb. Heydər Əliyevin "bir millət, iki dövlət" sözünü xatırladan Atalay dünyada aparılan rəqabətin elm və mədəniyyət sahəsində daha geniş şəkildə aparıldığına diqqət çəkib. Millətin zənginliyinin mədəniyyət və sənətlə olacağını düşündüyünü izah edən Atalay bu yolda ilərləmək lazım olduğunu ifadə edib.
Bundan əlavə baş nazirin müavini Türkiyədə Heydər Əliyevin daha çox siyasi müvəffəqiyyətlərinin bilindiyini ifadə edərək, "Heydər Əliyev həm Sovetlər Birliyi zamanında siyasi qabiliyyətiylə ən üst nöqtələrə yüksəlməyi bacarmış bir dövlət adamı, həm də Sovetlər Birliyinin dağılması müddətində Ermənistanla müharibə, Qafqazda keçid prosesinin gətirdiyi qarışıqlıq və qeyri-sabitlik zamanı Azərbaycanın müstəqil bir dövlət halına keçməsinə kritik və təyin edici bir rol oynamışdır" sözlərini dilə gətirib.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da "Ulu rəhbərimiz, müstəqil Azərbaycanın prezidenti seçilməsindən sonra mədəniyyət və sənətə dəstəyini davam etmişdir", deyə bildirib.
Heydər Əliyevin xüsusilə Azərbaycanın mədəniyyət və sənət irsinin dünyada tanınmasına üstünlük verdiyini ifadə edən Bağırov: "Heydər Əliyevin ən böyük xüsusiyyətlərindən biri də aydın və yaradıcı insanlara xüsusi əhəmiyyət və dəyər verməsidir. Dövlət dəstəyi ilə onların geniş kütlələrə tanıdılması və əsərlərinin yayılması bu gün də davam edən gözəl bir ənənəyə çevrilmişdir", deyib.
Tural Məmmədov, "SƏS" Informasiya Agentliyinin Türkiyə üzrə xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB