“Azəryolservis” ASC: "Duz tədarükü ilə bağlı yazılanlar böhtandır"

“Azəryolservis” ASC: "Duz tədarükü ilə bağlı yazılanlar böhtandır"

Bəzi kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən 20 min ton texniki duzun tədarükü üçün 20 milyon manatın sərf edilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Belə uydurma, şər, böhtan xarakterli yazılar sözsüz ki, sifariş xarakterli olmaqla Cəmiyyətin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

Qurumdan verilən məlumata görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in aidiyyəti qurumları 2012-2013-cü ilərin payız-qış mövsümünə hazırlığını artıq yekunlaşdırmaq üzrədir. Qış aylarında respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər həyata keçirilir. Hazırlanmış tədbirlər planına görə, yol istismar idarələri tərəfindən qış aylarında ehtiyac yaranacağı təqdirdə avtomobil yollarına səpilməsi üçün bağlanmış müqavilə əsasında 3000 ton texniki duz sifariş olunmuşdur.

Yol təsərrüfatı sahəsindən xəbəri olmayan mətbuat orqanlarına məsləhət görərdik ki, həyata keçirilən tədbirlərlə bağlı yazılarda yalan sözə yox, real fakta əsaslansınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə