Milli Məclisdə hansı qanunlar müzakirə olundu?

Milli Məclisdə hansı qanunlar müzakirə olundu?

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, bugünkü iclasda 24 məsələ müzakirəyə çıxarılıb. İclasın açılışında millət vəkili Qüdrət Həsənquliyev söz alaraq Azərbaycan xalqını qarşıdan gələn yeni il, həmçinin "Qiyamət günü"ndən qurtulmaq münasibətilə təbrik edib.

Deputat Yeni İl qabağı əfvlə bağlı qərarın qəbul olunmasının vacibliyini qeyd edib. O, bu istiqamətdə Əfv komissiyasının müvafiq siyahı hazırlamağı təklif edib.

Deputat Zahid Oruc isə öz çıxışında Allahın rizası ilə bu günə salamat çıxmağımızı qeyd edib: "İnanıram ki, insanlarımız dünyanın bu biznes layihəsinə uymayacaqlar, öz gündəlik iş rejimlərindən çıxmayacaqlar".

Bütün bunlarla yanaşı, millət vəkili Fazil Mustafa iclasda Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini qabardıb: "Gürcüstandan Azərbaycana müalicə və yaxud digər problemlərini həll etmək üçün gələnlər bir neçə gün gec qayıtdıqda 400 manat cərimə olunur. Biz artıq Gürcüstanda yaşayan insanlara adi miqrant kimi baxmalı deyilik, bu münasibəti dəyişməliyik".

Deputat Qənirə Paşayeva da bildirib ki, Milli Məclisin iclasında Ali Məhkəmənin hakimlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin, Sumqayıt Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi, "Mədəniyyət haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi gözlənilir.

Milli Məclis hakimləri təyin etdi

Bu günkü iclasda həmçinin Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin olunması barədə məsələyə baxılıb. Milli Məclis Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İslam Əliyevi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini İlham Cəfərovu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə təklifi təsdiqləyib.

Parlament eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatacaq İlqar Mirzəyevi yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatacaq Hüseyn Nəbiyevin təkrar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı təklifin təsdiq olunması barədə qərar qəbul edib.

"Mədəniyyət haqqında" qanun qəbul olundu

Gündəlikdə nəzərdə tutulan "Mədəniyyət haqqında" qanun da qəbul olunub. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsini təqdim edən MM-in Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, ikinci oxunuşdan sonra qanuna deputatların təklifləri, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəsislərinin rəyləri, qeydləri nəzərə alınaraq bir sıra əlavələr edilib.

Komitə sədri bildirib ki, ötən variantla müqayisədə bir sıra redaktə xarakterli dəyişikliklər də edilib. Qanunda mədəniyyət sahəsinin tənzimlənməsi istiqamətində bir sıra məsələlər öz əksini tapıb.

Qanunda qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyələşdirilməsi gözlənilən layihələr mədəniyyət sahəsində yaradıcı və peşəkar birliklər tərəfindən təqdim olunmalıdır. Həmçinin layihədə qeyd olunur ki, mədəniyyət sahəsində yaradıcılıq və peşəkar birliklərin dövlət siyasətinin hazırlanmasında, həyata keçirilməsində və icrasına nəzarət olunmasında iştirak etmələrinə dövlət tərəfindən müvafiq təminat verilir.

Sənəd yaradıcı şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada yaradıcılıq və peşəkar birliklər yaratmasını əks etdirir. Eyni zamanda, hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil müəyyən edə və birliyin fəaliyyətində sərbəst iştirak edə bilər.

Sənəddə qeyd olunur ki, özəlləşdirilən mədəniyyət obyektinin sahibi əmək kollektivi üzvlərinin ən azı bir il müddətində öz iş yerlərində saxlanılmasını təmin etməlidir.

Özəlləşdirilmiş mədəniyyət obyektinin əsas fəaliyyəti mədəni sərvətlərin bərpası, qorunması və təbliği, mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərin göstərilməsi və bu xidmətlərin əhaliyə güzəştli şərtlərlə təqdim edilməsi olmalıdır.

Qanun layihəsində qadağalarla bağlı qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan bir sıra obyektlərin özəlləşdirilməsinə icazə verilmir. Bunlar Azərbaycan milli mədəni irsinə aid olan obyektlər, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş obyektlər, dövlət və bələdiyyə mülkiyyətinə aid olan muzey, arxiv, kino, kitabxana, foto, arxiv və fondlarda saxlanılan maddi mədəniyyət obyektləri və binalar, təbii irsə aid obyektlərdir.

Vergi dərəcələri aşağı salınacaq

Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də bu gün müzakirəyə çıxarılan mövzu olub. Layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliklərdən biri vergi orqanları tərəfindən vergi borclarının məcburi alınması zamanı vergi ödəyicilərinin məhkəməyə müraciət imkanlarının genişləndirilməsi ilə bağlıdır.

Ziyad Səmədzadə qeyd edib ki, idman-mərc oyunları ilk dəfə Vergilər Məcəlləsinə salınıb: "Dəyişikliklər ümumilikdə vergi dərəcəsinin aşağı salınmasını özündə ehtiva edir. Bu dərəcələr 30 faizdən 25 dərəcəyə endirilir. Dəyişikliklər nəticəsində fiziki şəxslərə vergi güzəştlərinin illik həcmi 50 milyon manat olacaq. Azərbaycanda yaradılacaq sənaye parklarında sahibkarların torpaq, əmlak vergisindən azad edilməsi barədə maddələr nəzərdə tutulub. Təhsil haqqı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Bu dəyişikliklər Azərbaycanda daha sivil vergi sisteminin tətbiq olunmasına, qeyri-neft sektorunun inkişaf etməsinə səbəb olacaq".

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edir. Layihə səsə qoyularaq qəbul edilib.

Yeni rayon yaradıldı

Bu gün Milli Məclis eyni zamanda Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsini qəbul edib. Xəzər rayonunun ərazisində inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilərək yeni Pirallahı rayonu yaradılmasını və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur. Yeni yaradılan rayonun inzibati ərazi bölgüsünə Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri daxildir.

Sürücülük vəsiqəsinin rüsumları artdı

Milli Məclisin bugünkü iclasında "Dövlət rüsumu haqqında" qanuna edilən əlavə və dəyişikliklər qəbul edilib. Əlavə və dəyişikliklərdə Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumları, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumlar artırılıb.

Həmçinin əlavə və dəyişikliyə görə, Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği, notariat hərəkətlərinin aparılmasına görə rüsumun məbləği, məhkəməyə verilən ərizələrin dövlət rüsumu, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri, konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri artırılıb.

Sazişlərə dair qanun layihələri təsdiqlənib

İclasda bir sıra dövlətlərarası və beynəlxalq təşkilatlarla imzalanmış sənədlərə baxılıb. Belə ki, iclasda Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiqi, "Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında", "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola qoşulmaq haqqında", "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında", "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə" qanun layihələri müzakirəyə təqdim olunub. Səsvermədən sonra adıçəkilən bütün qanun layihələri təsdiqlənib.

Səlahiyyət müddəti 2 dəfə artırıldı

"Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliklər də müzakirə mövzusu olub. Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təklif olunan dəyişikliyə əsasən Hakimlərin Seçki Komitəsinin qərarlarından həmin qərar qəbul edildiyi gündən 10 gün müddətində Məhkəmə Hüquq Şurasına şikayət verilə bilər. Şikayət daxil olduğu gündən 1 ay müddətində Məhkəmə Hüquq Şurasının iclasında baxılır.

Başqa bir dəyişiklik Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddətinin uzadılması ilə bağlıdır. Dəyişiklikdə Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddəti 5 il təklif olunub. Hazırkı qanunvericiyə əsasən bu müddət 2 il 6 aydır.

Qanuna təklif olunan dəyişikliklərdən biri də hakimlərin fəaliyyətinin Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndirilməsi ilə əlaqədardır. Dəyişikliyə əsasən hakimlərin fəaliyyəti 5 ildə bir dəfədən az olmayaraq (hazırda 3 ildən bir qiymətləndirmə keçirilir) Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

İclasda həmçinin "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər. Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır. Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

Əli Hüseynli məsələ ilə bağlı çıxışında bildirib ki, Məhkəmə-Hüquq Şurası vaxtilə Avropa Xartiyası əsasında yaradılıb: "Ona görə yaradılıb ki, hakimlərlə bağlı qərarı ancaq hakimlər qəbul etsin. Məhkəmə-Hüquq Şurasının 15 üzvü var və hakimlər haqqında qərarı 9 üzv hakim qəbul edir, biz müşahidəçilərik. Bunun özü də hakimlərin müstəqilliyini təmin edir. Mən Məhkəmə-Hüquq Şurasında parlamenti təmsil edirəm, hakim partiyanın da təmsilçisiyəm. Ancaq partiya mənsubiyyəti burada rol oynamır, gələcəkdə başqa parlament üzvü də təmsil oluna bilər. Məhkəmə-Hüquq Şurasının sədri də yalnız iclasa sədrlik edir. Hakimlərin təminatına gəlincə, hakimiyyətin digər qollarında maddi təminat necədirsə, məhkəmə sistemində də o səviyyədədir. Digər tərəfdən, hakimlər pozuntuya yol verərsə, digər hakimlər bunu araşdıra bilməlidirlər. Ömürlük hakim seçilmək ölənə qədər yox, son yaş həddinə qədər hakimlik etmək deməkdir. Azərbaycanda da son yaş həddi 65 yaşdır".

Ə. Hüseynov vəkillik institutu barədə də danışıb: "Hazırda Azərbaycanda 400-ə qədər hakim var, ancaq adambaşına düşən vəkillərin sayı azdır. Məhkəmə-Hüquq Şurası həm vəkillərin sayının artması, həm də pulsuz vəkillik xidmətinin həyata keçirilməsi üzərində düşünür. Hazırda əsas səyimiz odur ki, mülki işlərlə bağlı vahid məhkəmə təcrübəsi olsun. Yəni heç kimdə şübhə olmasın ki, bu iş belə həll olunub, digər iş niyə fərqli həll edilsin. Millət vəkilləri əvvəllər hakimlərin cəzalandırılmamasına irad bildirirdilər. İndiyə qədər 100-ə qədər hakim inzibati icraat cəzasına cəlb edilib". Hər iki qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Hüquqi şəxslərə 250000 manat cərimə!

Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilib. Dəyişikliklər İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsini əhatə edir. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər 10000 manat miqdarında cərimə edilir. Xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər 20000 manat miqdarında cərimə edilir.

Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər 250000 manat miqdarında cərimə edilir.

Qeyd edək ki, qanun 2013-cü il aprelin 1-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə