Nazirlik şuranın növbəti iclasını keçirib

Nazirlik şuranın növbəti iclasını keçirib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimovun sədrliyi ilə keçirilən iclasda nazirliyin struktur bölmələri və ictimai şuraya üzv olan QHT rəhbərləri iştirak edib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan nazir müavini İlqar Rəhimov korrupsiyaya qarşı milli fəaliyyət planı və açıq hökumətin təşkili üzrə milli fəaliyyət planında müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilyi tərəfindən tədbirlər planı hazırlandığını deyib.

Onun sözlərinə görə, 2011-ci ilin aprelindən etibarən nazirlikdə ictimai şura fəaliyyət göstərir. Bu günə kimi ictimai şuranın keçirilən 6 iclasında nazirliyin fəaliyyət dairəsinə daxil olan müxtəlif məsələlər müzakirə edilib: "Burada əsas məqsəd nazirlikdə gedən islahatyönümlü işlər, hazırlanan proqramlar, həyata keçirilən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır".

Nazir müavini həmçinin qeyd edib ki, ictimai şuranın bu dəfəki iclası həmin tədbirlər planına və ictimai dinləməyə həsr olunub. Nazirliyin sosial təminatı siyasəti şöbəsinin müdiri, İctimai Şuranın üzvü Elnur Sultanov Korrupsiyaya qarşı mübarizə üzrə Milli fəaliyyət Planı və Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planında müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı nazirliklər tərəfindən hazırlanan tədbirlər planı, habelə aktiv sosial yardım proqramları, özünədəstək layihəsinin monitorinqinin nəticələri barədə məlumat verib.

Nazirliyin həmçinin texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanov nazirlik tərəfindən göstərilən təkmilləşdirilmiş elektron xidmətlər, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair standart qaydaların hazırlanması layihəsi ilə bağlı təqdimatlarla çıxış ediblər.

Hazırda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər planı irəli sürülüb.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə