"İnanıram ki, insanlarımız dünyanın bu biznes layihəsinə uymayacaqlar"

"İnanıram ki, insanlarımız dünyanın bu biznes layihəsinə uymayacaqlar"

Milli Məclisin növbəti iclası bu gün öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasın açılışında deputat Qüdrət Həsənquliyev söz alaraq Azərbaycan xalqını qarşıdan gələn yeni il, həmçinin "Qiyamət günü"ndən qurtulmaq münasibəti ilə təbrik edib.

Deputat Yeni İl qabağı əfvlə bağlı qərarın qəbul olunmasının vacibliyini qeyd edib. O, bu istiqamətdə Əfv komissiyasının müvafiq siyahı hazırlamağı təklif edib.

Deputat Zahid Oruc öz çıxışında Allahın rizası ilə bu günə salamat çıxmağımızı qeyd edib: "İnanıram ki, insanlarımız dünyanın bu biznes layihəsinə uymayacaqlar, öz gündəlik iş rejimlərindən çıxmayacaqlar".

Deputat Fazil Mustafa iclasda Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini qabardıb: "Gürcüstandan Azərbaycana müalicə və yaxud digər problemlərini həll etmək üçün gələnlər bir neçə gün gec qayıtdıqda 400 manat cərimə olunur. Biz artıq Gürcüstanda yaşayan insanlara adi miqrant kimi baxmalı deyilik, bu münasibəti dəyişməliyik".

Deputat Qənirə Paşayeva da bildirib ki, Milli Məclisin iclasında Ali Məhkəmənin hakimlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin, Sumqayıt Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi, "Mədəniyyət haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi gözlənilir.

İclasda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında" Sazişin, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında" Protokolunun, "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişin, "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi, Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun müzakirə olunacaq.

Milli Məclis Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna, Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola, "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə qanununun layihələri və digər məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə