Qurultay nümayəndələri Prezidentə müraciət etdi

Qurultay nümayəndələri Prezidentə müraciət etdi

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu VIII Qurultayının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətin mətnində deyilir:

Möhtərəm Cənab Prezident!

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1997-ci ildə qəbul olunan "Azərbaycanda Qeyri Hökümət Təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlanan hökumət layihəsi ötən illər ərzində ölkəmizdə uğurla həyata keçirilmiş və öz bəhrəsini vermişdir. Məhz bunun nəticəsidir ki, həmin il 95 təşkilat tərəfindən təsis olunan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) artıq bu gün 600-dən çox ictimai birlik və təşkilatı öz ətrafında birləşdirir.

Sonrakı illərdə Sizin sərəncamınızla təsdiq edilərək qüvvəyə minən digər mühüm sənədlər - 27 iyul 2007-ci il tarixli "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası", 13 dekabr 2007-ci il tarixli fərmanınızla yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə QHT sektorunun inkişafında yeni, mühüm mərhələnin başlanğıcını qoydu. Həmin Şuranın hər il Sizin qayğınızla artırılan maliyyə imkanları, aparılan təşkilatçılıq və maarifləndirmə tədbirləri QHT-lərin fəaliyyətinin güclənməsi yolunda çox mühüm addımdır.

Göstərilən daimi dövlət dəstəyinin nəticəsidir ki, ölkəmizdə yaranan və fəaliyyət göstərən QHT-lərin böyük əksəriyyəti bu gün respublikamızın ictimai həyatında yaxından iştirak etməklə bərabər, həm də dövlət və hökümət qurumlarının fəaliyyətinə yaxından cəlb olunur, maraqlı və faydalı layihələr həyata keçirir, bir sıra nüfuzlu beynəlxalq layihələrdə, forumlarda layiqincə təmsil olunurlar.

Möhtərəm Cənab Prezident!

Son illər respublikanın demək olar ki, bütün bölgələrini əhatə edən QHT sektorunda minlərlə vətəndaş iş yeri əldə etmişdir. Ayrı-ayrı illərdə 225 mindən çox könüllü ictimai işlərə cəlb olunmuşdur. Bütövlükdə götürdükdə, həmin sektorun fəaliyyətindən 1,5 milyondan çox vətəndaş yararlanmışdır.

Ölkənin, o cümlədən bölgələrin hərtərəfli inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ərazi bütövlüyü və suverenliyimizin bərpası istiqamətlərində apardığınız mütərəqqi siyasət, bunların nəticəsi olaraq Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, İslam Konfransı Təşkilatı Parlament Assambleyası tərəfindən Qarabağ həqiqətlərinə, konkret desək, Xocalı soyqırımına aid önəmli sənədlərin qəbul edilməsi, eləcə də əldə olunan digər bu kimi mühüm nəticələr respublikamızın daxili və xarici siyasət kursunun təkzibolunmaz uğurlarından xəbər verir, geniş ölkə ictimaiyyəti arasında olduğu kimi QHT-lər tərəfindən də təqdir olunaraq bəyənilir.

Biz inanırıq ki, Sizin məqsədyönlü səyləriniz, daimi diqqət və qayğınız nəticəsində qarşıdakı illərdə də bütün sahələr, eləcə də QHT sektoru durmadan inkişaf edəcək, qarşılaşdığımız problem və çətinliklər öz həllini tapacaq, vətəndaş cəmiyyəti quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Cənab Prezident!

Qurultay nümayəndələri adından Sizi əmin edirik ki, Milli QHT Forumu və ona üzv olan təşkilatlar hər zaman olduğu kimi bundan sonra da ölkəmizin tərəqqisi, dövlətçilimizin güclənməsi və xalqımızın rifahı naminə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq, bütün işlərdə Sizə etibarlı dəstək olacaqlar.

Hörmətlə:

Milli QHT Forumu VIII Qurultayının nümayəndələri.

Bakı şəhəri, 19 dekabr 2012-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə