DİN Sənan Əsgərovun işgəncəyə məruz qalması iddiasına aydınlıq gətirdi
"Bəzi KİV-lərdə Laçın rayonunda anadan olmuş, Pirşağı qəsəbəsindəki "Qarabağ" düşərgəsində məskunlaşmış Sənan Əsgərovun tutulub Sabunçu RPİ-nin 15-ci PB-də şübhəli şəxs qismində saxlanılarkən törətmədiyi cinayətlərin guya boynuna qoyulması məqsədilə işgəncəyə məruz qalması barədə adı çəkilən şəxsin vəkili və yaxınları tərəfindən polisin işgüzar nüfuzuna və imicinə xələl gətirən açıq böhtan və şantaj xarakterli dezinformasiyalar yayılıb. Bununla əlaqədar dekabrın 19-da keçirilmiş mətbuat konfransında S.Əsgərovun polisdə guya işgəncəyə məruz qalmasına dair səslənmiş iddialar bu şəxsin törətdiyi cinayət əməllərini ört-basdır etmək, onun günahsız olması barədə yanlış ictimai rəy yaratmaq məqsədi daşıyır". Bu barədə SİA-ya DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında bildirib.
O qeyd edib ki, Salyan rayonunda anadan olmuş, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan Rabil Fərzəliyev bu il dekabrın 11-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 9-dan 11-dək rayonda olub, qayıdanda evin pəncərələrinin dəmir barmaqlıqlarının qırıldığını, şüşələrin isə sındırılaraq mənzilindən oğurluq edildiyini görüb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi qaldırılıb, hadisə yerinin ətraflı müayinəsi aparılıb, digər təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu zaman Rabil Fərzəliyevin yaşadığı evdən 1 "Samsunq" markalı televizor, 1 ədəd kompüter dəsti, qızıl-zinət əşyaları və 600 manat pulun oğurlandığı, ümumilikdə, mənzil sahibinə 2570 manat maddi ziyan dəydiyi müəyyən edilib.
İstintaq əməliyyat-axtarış tədbirləri nəticəsində Rabil Fərzəliyevin evindən oğurlanmış 1 qızıl üzük və qol saatı Laçın rayonunda anadan olmuş, hazırda Pirşağı qəsəbəsində yaşayan Qalib Mirzəyevdə aşkarlanıb. Qalib Mirzəyev ifadəsində qızıl-zinət əşyalarını Sənan Əsgərovdan aldığını bildirib. Sonrakı tədbirlərlə R.Fərzəliyevin evindən oğurlanmış digər əşyaların, o cümlədən 1 "Samsunq" markalı televizorun Bərdə rayonunda anadan olmuş, hazırda Pirşağıda yaşayan Kəmalə Bağırovaya və onun Reyhan adlı bacısına satıldığı məlum olub. Baxış zamanı K.Bağırovadan və bacısından daha bir musiqi mərkəzi, 2 qiymətli vaza da götürülüb ki, bu əşyalar da Sabunçu qəsəbəsinin sakini Rafiq Əliyevin mənzilindən oğurlanıb.
Adları çəkilən hər üç şəxs öz ifadələrində oğurluq əşyaları onlara Sənan Əsgərovun satdığını bildiriblər. Sənan Əsgərovun Rabil Fərzəliyevin yaşadığı evdən və başqa ünvandan oğurluq etməsinə dair istintaq orqanında kifayət qədər maddi sübut, ciddi dəlillər olduğu üçün o, dekabrın 13-də polis əməkdaşları tərəfindən saxlanılıb. Dekabrın 15-də Sabunçu rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. S.Əsgərovun digər analoji cinayətlərdə iştirakı, oğurluqları tək və ya digər şəxslərlə birgə törətməsi məsələlərinə fəal şəkildə davam etdirilən istintaq-əməliyyat tədbirləri aydınlıq gətirəcək.
O.Mansurzadə bildirib ki, konkret faktlardan da görünür ki, yaxınlarının və vəkilinin Sənan Əsgərova polisdə guya işgəncə verilməsi, guya etmədiyi cinayətlərin boynuna qoyulması barədə fikirlərinin heç bir hüquqi və məntiqi əsası yoxdur. Belə cəfəng iddialar əslində istintaqın normal gedişinə mane olmağa hesablanmış təxribat xarakterli addımdır: "Nə Sabunçu RPİ-də, nə də 15-ci PB-də Sənan Əsgərov heç bir təzyiqə məruz qalmayıb. Bütün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri qanun çərçivəsində və peşəkarlıqla aparılıb. Əgər yaxınlarında və vəkilinlə Sənan Əsgərova təzyiq göstərilməsinə dair hər hansı ciddi dəlil-sübut varsa, onları müvafiq araşdırmanın aparılması üçün səlahiyyətli dövlət qurumlarına təqdim edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB