“İngiltərədən gələn qonaq” ADU-da

“İngiltərədən gələn qonaq” ADU-da

31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirildi

Dekabrın 20-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində "31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü" nə həsr olunmuş "A guest from England" (İngiltərədən gələn qonaq) adlı tədbir keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir təlimdə innovasiyalar və əlavə təhsil kafedrasının müəllimi Fatma Qurbanzadə və universitetin 1 saylı İngilis dili fakültəsinin I kurs Esseks qrup tələbələrinin təşkilatçılığı ilə baş tutdu. Tədbirin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, habelə bütün dünya xalqlarını həmişə həmrəy görmək istəyidir. Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev, Təhsildə İnnovasiyalar və əlavə təhsil kafedarının əməkdaşları və tələbələr iştirak edirdi. İngilis dilində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra "Azərbaycan avropalıların gözündə" adlı videoçarx nümayiş olundu. Daha sonra tələbələr - Sura Nəzərli, Aygül Ələsgərova, Kövsər Əsədov, Fəridə Rzayeva, Günel Salmanlı, Fidan Əmirli, Fidan Vəliyeva "İngiltərədən gələn qonağa" Azərbaycanın milli mətbəxini, adət-ənənələrini, azərbaycanlıların qonaqpərvərliyini, həmrəyliyini səhnəciklərlə təqdim etdilər. Fəridə Rzayevanın ifasında Azərbaycanın xalq mahnısı "Sarı gəlin" in və "Tərəkəmə" milli rəqsləri təqdim olundu. Tələbələr hazırladıqları Bakının görməli yerlərindən bəhs edən qısametrajlı filmi nümayiş etdirdilər. Fidan Vəliyeva Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Azərbaycanın həm daxili, həm də uğurlu xarici siyasətindən bəhs edərək, bir sıra xarici ölkələrlə, habelə İngiltərə ilə münasibətlərindən danışdı. Günel Salmanlı və Fəridə Mirsalayeva Azərbaycanın İngiltərədəki və həmçinin, İngiltərənin ölkəmizdəki rəsmi nümayəndəliklərindən bəhs edərək, xalqlararası dostluq və əməkdaşlıq münasibətlərini müxtəlif təqdimatlarla işıqlandırdılar. Çıxışların sonunda söz ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusova verildi. O, tədbirin gözəl təşkil olunduğunu söylədi və Azərbaycanın əldə etdiyi uğurları tanıtmaq üçün belə tədbirlərin təkcə bir gün deyil, hər gün keçirilməsini arzuladı. Sonra universitetin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev çıxış etdi. Dekan tədbirdə həm milliliyin, həm də beynəlmiləlliyin olduğunu söylədi və təşkilatçıları gözəl tədbirin təşkilinə görə təbrik etdi. Tədbir tələbələrin ifasında "We are the world" (Biz dünyayıq) mahnısı ilə yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə