Elman Abdullayev: "Serj Sarkisyanın çıxışı imitasiyadır"

Elman Abdullayev: "Serj Sarkisyanın çıxışı imitasiyadır"

XİN Ermənistan prezidentinin KTMT iclasında söylədiyi sözləri şərh edib

"Ermənistan prezidenti Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında söylədiyi sözlər dezinformasiya məqsədlidir və populist xarakterlidir". Bunu XİN-in mətbuat katibi Elman Abdullayev açıqlamasında deyib.

Elman Abdullayev bildirib ki, S.Sarkisyan bu cür çıxışlarla dünya ictimaiyyətini yanıltmağa çalışır: "Azərbaycanın bu məsələyə dair mövqeyi daha əvvəl də dəqiq ifadə edilib. Biz hesab edirik ki, münaqişənin həlli üçün problemin kökünə baxmaq lazımdır. Problemin kökündə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dayanır. Bu işğal bütün bölgənin inkişafını əngəlləyir".

Mətbuat katibi S.Sarkisyanın Azərbaycanı anti-erməni təbliğatı və militarist siyasət aparmaqda günahlandırmasını populizm adlandırıb: "Ermənistan hakimiyyəti bununla münaqişənin həllində maraqlı olmasını imitasiya etməyə çalışır. Bu cür bəyanatlar Ermənistan rəhbərliyinin status-kvonun saxlanmasında maraqlı olduğunu, bölgənin və öz ölkəsinin rifahını düşünmədiyini göstərir".

Qeyd edək ki, Ermənistan prezidenti dünən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edib. O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki destruktiv mövqeyi bölgədə ciddi təhlükə olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə